Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yük avtomobilləri qadağan edilən saatlarda sərbəst hərəkət edirlər.
Bununla bağlı Oxu.Az-a qəsəbə sakinləri tərəfindən müraciət və videogörüntülər daxil olub. Biləcəri-“Baksol” yolunda çəkildiyi qeyd olunan görüntülərə əsasən, yük avtomobilləri qanunla qadağan edilmiş saatlarda şəhərdə hərəkət edirlər.
Qeyd edək ki, Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən müvafiq tədbirlərdən biri kimi 2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.
Həmçinin, icazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər.
Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yük maşınlarının hərəkətinə müəyyən edilən vaxtlarda qadağanın tətbiqi ciddi həyata keçirilir. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərlinin sözlərinə görə, videolarda əks olunan yük avtomobillərinin sürücüləri bilərəkdən qaydaları pozmuş ola bilər:
"Mütləq şəkildə buna yol verən sürücülər cərimələnirlər. Amma “Baksol”da yük avtomobillərinin qarajı fəaliyyət göstərir. Həmin avtomobillərin qaraj ətrafında, qadağa saatına 10-15 dəqiqə qalmış görüntülənməsi də mümkündür. İstənilən halda, məsələ tərəfimizdən araşdırılacaq".
Yük maşınlarının qanunsuz hərəkəti ilə bağlı redaksiyamıza daxil olan bu kimi digər müraciətlərdə isə iddia olunur ki, yüklə birlikdə çəkisi 8 tondan çox olan avtomobillərin bəziləri tərəzidən yayınırlar. Vətəndaşların bildirdiyinə görə, Qaradağ postu maşınları bəzən tərəziyə çıxarır, bəzən isə heç bir addım atılmır, maşınlara sərbəst hərəkət üçün icazə verilir. Üstəlik Bakının ərazisinə daxil olan Güzdək qəsəbəsindən Hacı Zeynalabdin qəsəbəsinə 38-40 tonluq yüklər daşınır. Müraciətçilər yol polisinin bütün bunlara göz yumduğunu söyləyirlər.
Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bir daha xatırladıb ki, Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən kütləsi yüklə birlikdə 8 tondan artıq yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub. Şöbə rəisi vurğulayıb ki, icazə verilən vaxtdan kənar saatlarda paytaxt ərazisində hərəkətləri müşahidə olunan yük avtomobilləri sürücüləri ərazidə xidmət aparan yol-patrul xidməti əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunur və idarə etdiyi nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir:
"Bir daha bütün yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən, habelə yük sahiblərindən öz fəaliyyətlərini qeyd olunan müddətə uyğunlaşdırmaları xahiş olunur.
Bundan əlavə onu da qeyd etmək lazımdır ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, normadan artıq yük yığılmaqla yollarda hərəkətdə olan nəqliyyat vasitələrinə hələ də rast gəlinir. Bu hal asfalt yol örtüyünün deformasiya olunmasına səbəb olmaqla yanaşı, həm sürücülərin özləri, həm də digər yol hərəkəti iştirakçıları üçün qəza riski yaradır. Nəzərə almaq lazımdır ki, belə avtomobillərin kəskin manevrlər zamanı aşması və ya əyləc məsafəsinin uzanması səbəbindən qəzaya səbəb olması halları kifayət qədərdir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, ötən ilin 6 ayı ərzində normadan artıq yük daşıyan 919 sürücü inzibati məsuliyyətə cəlb olunub. Bir daha bütün sürücülərdən mövcud qanunvericiliyin tələblərinə ciddi əməl olunmasını xahiş edirik".
Aysel Aslan