Zaqatalada ikimərtəbəli, doqquzotaqlı fərdi yaşayış evi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın hadisəsi saat 19:23-də rayonun Danaçı kəndində, kənd sakini Mohuma Məmməd oğlu Məmmədova məxsus, ümumi sahəsi 390 kvadratmetr olan ikimərtəbəli, doqquz otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın məhdudlaşdırılıb, söndürülmə işləri aparılır.
İlkin məlumata görə, xəsarət alan olmayıb.