Səhiyyə Nazirliyi "Böyük Qayıdış" proqramı çərçivəsində müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə işğaldan azad olunan ərazilərdə silsilə tədbirləri davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir sentyabrın 20-də baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) tibb heyəti tərəfindən Zəngilan rayonunun Ağalı kəndində əhali üçün tibbi xidmətlər göstərilib. İnstrumental-diaqnostik müayinələr İnstitutun xüsusi təchiz olunan Səyyar klinikasında aparılıb. Tibbi avadanlıqların tam dəsti ilə təchiz edilən klinikalar modul avadanlıq konsepsiyası sayəsində mobil təcrübə müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Belə ki, bu klinikalar ucqar ərazilərdə yaşayan əhali üçün müxtəlif diaqnostik prosedurlardan başlayaraq, ilkin tibbi yardım göstərməyə qədər istifadə edilir.
Aksiya zamanı ETAXİ-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, ağciyərin flüoroqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, USM müayinəsi, spirometriya və qan qazının öyrənilməsi həyata keçirilib. Həmçinin, vərəm üçün (bəlğəm analizi və latent vərəm infeksiyasının diaqnostikası üçün dəri testləri) ixtisaslaşdırılmış müayinələr aparılıb.
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
Aksiya zamanı 280-ə yaxın Zəngilan sakini müayinələrdən keçib.
Həmçinin, tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri və profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
Rəylər