Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zibil içində yaşayan Saray sakinləri – FOTO + VİDEO
Sumqayıt şəhəri, Saray bağları adlanan massivdə yaşayan vətəndaşlar acınacaqlı vəziyyətə düşüblər.
Ərazidə yaşayan sakinləri Oxu.Az-a verdiyi məlumata görə, mənzillərinə yaxın ərazidə atılan zibillər yığışdırılmadığı üçün məişət tullantıları ətrafa dağılır, bütün bunlar ərazidə antisanitariya vəziyyəti yaradır.
Sakinlərin bildirdiyinə görə, bir müddət öncə vətəndaşlar Sumqayıt bələdiyyəsinə müraciət ediblər və əraziyə zibil qutuları qoyulub.
Lakin bələdiyyə əraziyə zibil qutularını yerləşdirsə də, yığılan zibillərin daşınması istiqamətində heç bir tədbir görməyib və nəticədə əvvəlki vəziyyət təkrarlanmağa başlayıb.
Sakinlərin məsələ ilə bağlı Sumqayıt bələdiyyəsinə ikinci müraciətindən sonra qurum qeyri-adi qərar qəbul edib: ərazidəki zibil qutuları tamamilə yığışdırılıb.
Sakinlər bildirirlər ki, bələdiyyə çıxış yolunu zibil qutularının sayını artırmaq və məişət tullnatılarını ərazidən yığışdırmaq yox, zibil qutularını ümumiyyətlə ləğv etməkdə görüb.
Vətəndaşların dəfələrlə aidiyyəti qurumlara şikayət etmələrinə baxmayaraq, problem həll olunmur ki, olunmur.
Məsələ ilə bağlı Sumqayıt bələdiyyəsindən şərh almaq mümükün olmayıb. Sumqayıt İcra Hakimiyyətindən isə Oxu.Az-a bildiriblər ki, yaranmış vəziyyətdən onların xəbəri yoxdur. İcra hakimiyyətindən verilən məlumata görə, məsələ araşdırılacaq.
Elvin Əhmədov
www.oxu.az
Rəylər