"Deputat səlahiyyətlərindən istifadə edə bilmirsinizsə, bu sizin probleminizdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında həmkarı Naqif Həmzəyevə cavab olaraq deyib.
Ziyafət Əsgərov həmkarının - "Açıq deyim, bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur", - fikrinə sərt reaksiya verib:
"O fikirlə razı deyiləm ki, bizim səlahiyyətimiz yoxdur, bizim kifayət qədər deputat kimi səlahiyyətimiz var, əgər ondan istifadə edə bilmirsinizsə, o sizin problemdir. Deyirsiniz ki, mətbuat nümayəndələrini o pis yerləri çəkib göstərəndə işdən çıxarırlar. Sizdə belə bir fakt varmı? Zəhmət olmasa, o faktı verərsiniz, baxarıq".
Xatırladaq ki, Naqif Həmzəyev çıxışında bir neçə irad və təkliflə çıxış edib. Deputat regionlarda, xüsusilə 1960-1980-ci illərdə tikilmiş yaşayış binalarının təmir və bərpası, lift və dam örtüyü problemlərinin həll olunmadığını bildirib. O, Gəncədə 2011-ci ildən vəd edilən kanalizasiya xətlərinin çəkilməsi işləri başa çatdıqdan sonra yolların asfaltlanması məsələsinin hələ də həllini tapmadığını vurğulayıb. Həmçinin bəzi regionlarda problemlərin ictimailəşdirilməsinə maneələr yaradıldığını, jurnalistlərin təzyiqlərlə üzləşdiyini qeyd edib. Naqif Həmzəyev hökumət nümayəndələrini regionlara səfərlər zamanı rəsmi şəxslərin müəyyən etdiyi marşrutlardan kənara çıxmağa, vətəndaşlarla birbaşa görüşərək mövcud problemləri yerində araşdırmağa çağırıb. Həmçinin sonda bildirib ki, onların səlahiyyəti azdır.