Son illər Azərbaycanda övladlığa götürülən uşaqların sayında azalma müşahidə olunur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2005-ci ildə 803 uşaq övladlığa götürüldüyü halda, 2017-ci ildə bu göstərici 877-yə yüksəlib. Lakin həmin ildən sonra azalma tendensiyası başlayıb. 2025-ci ildə 149 uşaq övladlığa götürülüb, 2026-cı ilin ilk 10 ayında isə bu rəqəm 105 olub.

Maraqlıdır, övladlığa götürülən uşaqların sayının azalmasına hansı amillər təsir edir?
Bununla bağlı Oxu.Az-ın suallarına cavab olaraq sosioloq Nailə İsmayılova bildirib ki, məsələyə yalnız sosial-iqtisadi vəziyyət prizmasından yanaşmaq doğru olmaz:

"Çünki övladlığagötürmənin azalması daha mürəkkəb sosial, psixoloji, hüquqi və demoqrafik məsələlərlə bağlıdır. Söhbət təkcə insanların uşaq götürmək imkanından getmir, həm də cəmiyyətin ailə, valideynlik və övladlığagötürmə institutuna münasibətindən gedir. Övladlığagötürmənin azalması cəmiyyətin uşağa ehtiyacının azalması demək deyil, əksinə, valideyn himayəsindən məhrum olan uşaqların ailə mühitində böyüməsi indi də aktual sosial problemdir.
Mən bunun səbəblərini bir neçə istiqamətdə görürəm. İlk səbəb kimi valideynlik məsuliyyəti məsələsini önə çəkmək olar. Belə ki, bu gün ailələr uşaq böyütməyin maddi yükünü əvvəlki dövrlərlə müqayisədə daha çox hiss edirlər. Mənzil problemi, gündəlik xərclər, təhsil, səhiyyə və uşağın gələcək təminatı ilə bağlı narahatlıqlar insanların qərarlarına təsir göstərə bilir. Öz bioloji övladı olmayan və ya əlavə uşaq böyütmək istəyən ailələr belə, övladlığagötürmə qərarı verərkən uzunmüddətli maliyyə imkanlarını ciddi şəkildə nəzərə alırlar. Cəmiyyətin bu məsələdə psixoloji və stereotip yanaşmasını unutmaq olmaz".
Sosioloqun sözlərinə görə, ölkəmizdə övladlığagötürmə ilə bağlı müəyyən sosial stereotiplər hələ də qalır:
"Bəzi ailələr övladlığa götürülmüş uşağın gələcəkdə öz bioloji valideynlərini axtarmasından, ailəyə uyğunlaşmamasından və ya genetik xüsusiyyətlərindən narahat olurlar. Bəzən ailə və yaxın ətrafın münasibəti də insanların belə bir addımı atmasına mane olur. Əslində övladlığagötürmə uşağın təhlükəsizliyini və mənafeyini qorumaq baxımından ciddi nəzarət tələb edən prosesdir. Namizədlərin qiymətləndirilməsi, sənədləşmə, yaşayış və ailə şəraitinin araşdırılması, psixoloji hazırlıq kimi mərhələlər zəruridir.
Başqa bir məqam ondan ibarətdir ki, bəzi ailələr əsasən körpə və sağlamlıq problemi olmayan uşaqları övladlığa götürmək istəyirlər. Halbuki daha böyük, bacı-qardaşı olan və ya xüsusi qayğıya ehtiyac duyan uşaqların da ailə mühitinə ehtiyacı var. Beləliklə, övladlığa uşaq götürmək istəyən ailələrin sayı ilə ailəyə yerləşdirilməyə ehtiyacı olan uşaqlar arasında müəyyən uyğunsuzluq yarana bilər".
O qeyd edib ki, cəmiyyətdə övladlığagötürmə ilə bağlı maarifləndirmə işi daha geniş aparılmalıdır:
"İnsanlar bu prosesin hüquqi tərəflərini, dövlətin təqdim etdiyi imkanları, psixoloji hazırlığın əhəmiyyətini və övladlığa götürülən uşağın hüquqlarını kifayət qədər bilmirlər. Övladlığagötürmə yalnız övladı olmayan ailələrin alternativ seçimi kimi təqdim edilməməlidir. Bu, eyni zamanda valideyn himayəsindən məhrum olmuş uşağın ailə sevgisi, təhlükəsizlik və normal sosiallaşma hüququnun təmin edilməsidir".
Nailə İsmayılova əlavə edib ki, Azərbaycanda 2018-ci ilin sonundan etibarən övladlığagötürmə sahəsində idarəetmə və prosedurlar yenilənib:
"Hazırda proses uçota alınma, uşağın mənafeyinə uyğunluğun qiymətləndirilməsi və məhkəmə qərarı olmaqla üç mərhələdən ibarətdir. Namizədlərin müsahibəsi, təlimi və ailə şəraitinin qiymətləndirilməsi də nəzərdə tutulur. Dövlət səviyyəsində prosedurlara edilən dəyişikliklərdən sonra proses daha da sadələşdirilərək əlçatan və operativlik əsas rol oynayır. Bu sahədə bir neçə istiqamətdə sistemli iş aparılmalıdır.
Rəqəmlər sadəcə statistik azalma kimi qəbul edilməməlidir. Onların arxasında ailə gözləntiləri, sosial çətinliklər, psixoloji baryerlər, hüquqi prosedurlar və uşaqların gələcəyi ilə bağlı ciddi məsələlər dayanır. Bir məqamı da unutmamalıyıq ki, övladlığagötürmə böyüklərin valideyn olmaq arzusunu reallaşdırmaqdan daha çox, bir uşağın ailə sahibi olmaq, sevilmək və təhlükəsiz mühitdə böyümək hüququnun təmin edilməsidir.
Övladlığagötürmə məsələsinə yalnız ailələrin istəyi baxımından deyil, uşağın üstün mənafeyi baxımından yanaşmalıyıq. Dövlətin, vətəndaş cəmiyyətinin və medianın birgə səyi ilə bu sahədə həm maarifləndirməni, həm də ailələrə dəstəyi gücləndirmək mümkündür. Məqsədimiz sadəcə övladlığagötürmə statistikasını yüksəltmək deyil, hər bir uşağın özünü bir ailənin sevilən və dəyərli üzvü hiss edə biləcəyi şərait yaratmaq olmalıdır".