“166 Yükdaşıma və Logistika” şirkəti ardıcıl dörd ildir ki, “166 Logistika Akademiyası” təcrübə proqramını həyata keçirir.
Builki seçimdə ölkənin qabaqcıl universitetlərinin bakalavr və magistr dərəcələrində təhsil alan 900-dan çox gənc iştirak edib. İştirakçılar arasından seçilən 31 nəfər gənc 3 aylıq ödənişli təcrübə proqramına qəbul edilib. Onlar şirkətin əsas departamentlərində yer alaraq logistika və nəqliyyat, satış, marketinq və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və digər sahələr üzrə praktiki və nəzəri biliklərə yiyələnəcəklər.
Qeyd edək ki, təcrübə müddətində öz peşə bacarıqlarını uğurla nümayiş etdirən namizədlər “166 Yükdaşıma və Logistika” şirkətinin müvafiq departamentlərində işlə təmin ediləcəklər.
2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına indiyədək 5100-dən artıq müraciət qeydə alınıb və bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 182 nəfər təcrübə proqramına qəbul olunub.