24 iyul 2023-cü il tarixində Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının (ATİEA) növbəti iclası keçirilib. Dövlət qurumlarının nümayəndələri, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarlar bu sahədəki mövcud vəziyyəti, habelə sənayenin inkişafı istiqamətində həll yollarını müzakirə etmək üçün bir araya toplanıblar.
İclasın əsas məqamlarından biri İdarə Heyətinin yeni sədrinin və İdarə Heyətinin üzvlərinin seçilməsi olub. İclasda səs çoxluğu ilə “Agro Dairy” şirkətinin icraçı direktoru cənab Niyazi Əmirbəyov İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Assosiasiyanın sədri cənab Niyazi Əmirbəyov kənd təsərrüfatının rolunun vacibliyini və Azərbaycan Respublikasının Prezidentinin bu sahəyə göstərdiyi davamlı diqqət və dəstəyini vurğulayaraq son bir ildə taxıl istehsalının əvvəlki illərə nisbətən artdığını, bunun da həmin sektorun fəal inkişafının göstəricisi olduğunu qeyd edib.
İclasın digər mühüm nəticəsi dövlət qurumları ilə özəl sektor arasında davamlı dialoqun təmin edilməsi olub ki, bu da aqrar sahədə vəziyyətin yaxşılaşmasına müsbət töhfə verəcək.