“Əvvəl əmək bazarında yerli kadrlar əvəzinə xarici kadrlara daha çox üstünlük verilirdi. Lakin Bakı Dizayn Akademiyası (BDA) bu tabuları yıxdı. Artıq BDA modern sahələrdə rəqabətədavamlı yerli kadrlar yetişdirir. Professional kadr axtararkən xarici bazara üz tutmağa gərək yoxdur”.
Bunu rebrendinq təqdimatındakı çıxışında Bakı Dizayn Akademiyasının rəhbəri Aysel Gülməmmədova qeyd edib.
4 iyun tarixində Azərbaycanın təhsil sektorunda öncül şirkətlərindən biri olan Bakı Dizayn Akademiyası yenilənmiş brendini təqdim edib. Əsasən, dizayn sahələrində mütəxəssis yetişdirən Akademiya yeni subbrendi daxilində “Full Stack Development”, “Data Science”, “Product Owner” kimi yeni ixtisasların yaradıldığını da elan etdi.
Daim fərqli işləri ilə diqqət mərkəzində olan BDA elə rebrendinq tədbirini də özünməxsus tərzdə həyata keçirib. Qonaqların hər birinə unikal və şəxsə özəl dəvət məktubları göndərib. Adı xüsusilə “Metamorfoz” seçilən tədbir, həm yaradıcı sektorun, həm də Akademiyanın özünün fasiləsiz inkişafını simvolizə edir.
Tədbirdə kreativ sektorun parlaq şəxsləri və şirkət rəhbərləri bir araya gəliblər. Avroviziya təmsilçiləri Nadir Rüstəmli və TuralTuranX səhnədə canlı performansla çıxış ediblər.
Akademiyanın Karyera Mərkəzinin rəhbəri Türkan Devricova isə öz çıxışında karyerasının ilkin addımlarında çətinliklərlə qarşılaşan gənclər üçün yaradılmış fürsətlər, BDA məzunlarının əmək bazarına hazır kadr kimi formalaşmaları üçün görülən işlər və püxtələşmiş dizayner axtarışında olan müxtəlif şirkətlərlə əməkdaşlıq imkanlarından bəhs edib.