Ölkənin ilk sığorta şirkətlərindən biri olan “Atəşgah” şirkəti yeni qurduğu əməkdaşlıqla xidmət və məhsullarını müştərilərinə daha əlçatan edir. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza “Atəşgah” Sığorta Şirkətinin əmlak və həyat sığorta məhsullarını əldə etmək istəyən müştərilər üçün asanlıq yaradır.
İndi ipoteka krediti ilə bağlı müraciət edən şəxslərin əmlakını və həyatını sığortalamaq üçün bank tərəfindən “Atəşgah”a müraciət olunan zaman şirkət vətəndaşa SMS vasitəsilə link göndərəcək. Müştəri həmin linkə daxil olaraq SİMA yeni nəsil rəqəmsal imza ilə sənədləri anında imzalayacaq.
Müqaviləni elektron qaydada imzalamaq üçün SİMA tətbiqini mobil cihaza yükləyib qeydiyyatdan keçmək mütləqdir.
Məlumat üçün bildirək ki, SİMA ilə inteqrasiyadan əvvəl vətəndaşlar bu prosesləri kağız daşıyıcılarda əllə doldurmaqla həyata keçirirdilər. İndi isə “Atəşgah” sığorta şirkəti SİMA yeni nəsil rəqəmsal imza ilə bu xidməti elektronlaşdırıb. Artıq sənədin SİMA vasitəsilə imzalanması vətəndaşların vaxtına, tərəfdaşların isə xərclərinə qənaət etmələrinə xidmət göstərəcək.
SİMA ilə “Atəşgah” sığorta şirkətinin digər xidmətlər üzrə inteqrasiya prosesi davam etdirilir. Növbəti mərhələdə digər sığorta müraciətlərinin də SİMA ilə həyata keçirilməsi nəzərdə tutulur.
“Atəşgah” şirkətinin sığorta məhsulları haqqında daha ətraflı məlumat almaq üçün “940” zəng mərkəzi ilə əlaqə saxlayın.