Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti (ASC) Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarına əsasən daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixindən etibarən qaz istehsalçılarından satın alınmasını, onun nəqlini, ölkədaxili paylayıcılara və istehlakçılara satışını həyata keçirir.
Sözügedən qərardan irəli gələn vəzifələrin icrası məqsədi ilə “Azərkontrakt” ASC fəaliyyətini qüsursuz və keyfiyyətli yerinə yetirməsi üçün bütün imkanlarını səfərbər edərək, 2022-ci hesabat ilini 185 217 337,00 manat məbləğində mənfəətlə başa vurub. Eyni zamanda dövlət büdcəsinə 37 043 467,40 manat məbləğində mənfəət vergisi ödənilib.
Müqayisə üçün bildiririk ki, “Azərkontrakt” ASC 2021-ci hesabat ilini 104 369 826,00 manat məbləğində mənfəətlə başa vurduğu halda, 2022-ci hesabat ilini 80 847 511,00 manat məbləğində (və ya 77,46 faiz) daha çox, yəni 185 217 337,00 manat məbləğində mənfəətlə başa vurub. Həmçinin 2021-ci hesabat ili üzrə dövlət büdcəsinə 20 873 965,20 manat məbləğində mənfəət vergisinin ödənişini həyata keçirdiyi halda, 2022-ci hesabat ili üzrə 16 169 502,20 manat məbləğində (və ya 77,46 faiz) daha çox, yəni 37 043 467,40 manat məbləğində mənfəət vergisinin ödənişini həyata keçirilib.
Qeyd edilən məlumatlar “Azərkontrakt” ASC-də “Baker Tilly Audit Azərbaycan” QSC tərəfindən aparılmış audit yoxlamasının nəticəsində tərtib edilmiş maliyyə hesabatlarında öz əksini tapıb.
“Azərkontrakt” ASC-nin kollektivi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq ölkə iqtisadiyyatının inkişafını prioritet məsələlərdən biri hesab edir, 2023-cü və növbəti illəri də yüksək məbləğdə mənfəətlə başa vurmaq istiqamətində bütün səylərini səfərbər etməkdədir.
“Azərkontrakt” ASC-nin 31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə Xüsusi Məqsədli Maliyyə Hesabatları və Müstəqil Auditorların Rəyi barədə ətraflı məlumatı aşağıdakı linklərdən əldə edə bilərsiniz.
Azərbaycan dilində yükləmək BURADAN,
İngilis dilində olan versiyanı yükləmək üçün BURADAN keçid edə bilərsiniz.