Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) “Kontakt” mağazalar şəbəkəsinin maliyyə dəstəyi ilə ucqar kəndlərdə yaşayan məktəblilərin yeni nəsil texnologiyalardan yaxından faydalana bilməsi üçün “Rəqəmsal Bilik” adlı xeyriyyə aksiyası həyata keçirib.
Aksiya ötən həftələrdə Şəmkir, Qusar, Qazax və Gədəbəy rayonlarının ucqar dağ kəndlərində də keçirilib. Aksiya çərçivəsində aztəminatlı ailələrin üzvü olan bir sıra məktəblilərə notbuklar təqdim olunub. Notbukların paylanmasında AzQAC əməkdaşları və könülləri ilə yanaşı, “Kontakt” mağazalar şəbəkəsinin nümayəndəsi də iştirak edib.
100 ildən artıq şanlı tarixə malik AzQAC ölkədə dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AzQAC milliyyətinə, cinsiyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan 1920-ci ildən bəri insanlara humanitar yardım göstərir.
Qeyd edək ki, “Rəqəmsal Bilik” layihəsinə dəstək göstərən “Kontakt” mağazalar şəbəkəsi 40-dan çox beynəlxalq brendin rəsmi distribütoru; “Oppo”, “Toshiba”, “Intel”, “Black&Decker”, “Hoffmann”, “Blackview”, “Kieslect”, “Etias”, “Viper”, “Dark Project”, “Blizzard”, SBS, “Energy Sistem”, “Defunc” və “Urbanista” kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distribütoru; “Apple” brendinin isə rəsmi satış mərkəzidir. Şəbəkə Azərbaycan üzrə ümumilikdə 38 mağaza, Gürcüstanın paytaxtı Tbilisidə 3, kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.
AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində “HÖP”, “SMS”, “MilliÖn”, “eManat”, “hesab.az”, “PAŞA Bank”, “Bank of Baku”, “ABB”, “UniBank” mobil əlavələr üzərindən və istənilən bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyacı olan insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.
Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər AzQAC-la əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: corporate@redcrescent.org.az.