“BME-Schindler Azərbaycan” şirkəti daxili biznes proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üçün biznes həllini “Cubics Technology” şirkətindən əldə etmək qərarını verib. Buna səbəb “Cubics” şirkətinin təqdim etdiyi “Cubics BMS” adlı Biznes İdarəetmə Sisteminin “BME-Schindler Azərbaycan” şirkəti üçün maksimal dərəcədə uyğunlaşdırıla bilinməsi olub.
Şirkət rəhbərliyi bildirir ki, “BME-Schindler Azərbaycan” şirkəti üçün hazırlanacaq “Cubics BMS” həlli CRM müştəri bazası, çağrı mərkəzi, mühasibatlıq və maliyyə hesabatları, tapşırıqlar, məhsullar və xidmətlər, layihələr, anbar, təchizat, satış, sənəd dövriyyəsi, insan resursları və s. kimi modulları, habelə “Android” və iOS tətbiqlərini özündə birləşdirəcəkdir. Onu da qeyd edək ki, dünya üzrə əksər “Schindler” nümayəndəlikləri SAP SE Biznes İdarəetmə Sistemini istifadə edir.
Bakı Mexanika və Elektronika MMC (BME) şirkəti, İsveçrənin “Schindler” Şirkətlər Qrupunun quraşdırma və texniki qulluq xidmətlərinin Azərbaycan Respublikası ərazisində rəsmi təminatçısıdır. “Schindler Group” 1874-cü ildə İsveçrənin Luzern kantonunda qurulmuş və hal hazırda dünyanın bir çox ölkəsində təmsil olunan və 56 000-dən çox əməkdaşı olan bir dünya nəhəngidir. Hər gün Dünya üzərində bir milyarddan çox insanı daşıyan “Schindler Group” etibarlı lift və eskalator tədarükçüsü olub, keyfiyyətli xidmətin təminatçısıdır.
“Cubics Technology” 50-dən çox yerli şirkətlə əməkdaşlıq edən, müxtəlif fəaliyyət ilə məşğul olan şirkətlər və fərdi sahibkarlar üçün Biznes İdarəetmə Sistemi, kassa və satış sistemi və elektron ticarət həllərini təqdim edən texnoloji şirkətdir.