Bu gündən "QGallery"də (Qız qalası incəsənət qalereyasında) marinist rəssam, döyüş sənəti ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əflatun İsrailovun fərdi rəsm sərgisi açılır.
"Su Yolu" adlı sərgidə Xəzər və Aralıq dənizinin əksini tapan 50-yə yaxın əsər nümayiş olunacaq. "Su Yolu" sərgisinin adı təsadüfi seçilməyib. Rəssam bədən hərəkətlərini su elementinə bənzətmək fikrinə əsaslanaraq, eyniadlı döyüş sənətinin müəllifidir. 40 yaşından rəsm çəkməyə başlayan, heç vaxt peşəkar rəssamlıq təhsili almayan Əflatun İsrailovun əsərləri intuitivdir.
Müəllifin realizmi, eləcə də suyun plastik imkanlarını - rəsmdə ən mürəkkəb obyekt kimi kəşf etməsi onun əsərlərinin xüsusiliyini göstərir. Sərgilənən rəsmlər onun yaradıcılıq dühasının bir damlasıdır. Burada olan hər bir əsər ustadın bütün varlığını açır, onun sonsuz istedadını nümayiş etdirir.
Qeyd edək ki, sərgi fevralın 25-dək davam edəcək.
Aytac Qasımova