Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əsl Xəzər kürüsünü saxta Çin kürüsündən fərqləndirməyin yolları - FOTO
Azərbaycan qara kürüsü hər zaman nəfis delikatesin nümunəvi etalonu hesab edilib. Onun möhtəşəm dadı və faydalı xüsusiyyətləri həm daxili bazarda, həm də ölkə xaricində yüksək qiymətləndirilib. Ancaq bazara daxil olan böyük həcmdə saxta məhsullar hazırda onun liderliyini şübhə altına alır. Çindən gətirilən ucuz və saxta məhsullar mağaza piştaxtalarında getdikcə daha çox yer tutmağa başlayır. Təkcə son səkkiz ay ərzində Çindən ölkəmizə rəsmi olaraq dörd ton kürü idxal edilib.
Bu gün Azərbaycanın qara kürü bazarı manipulyasiyalar meydanına çevrilib. Xəzər dənizindən çox uzaqda – Çində istehsal olunan saxta məhsullar orijinal Azərbaycan qara kürüsünü əvəz edir. İş o yerə çatıb ki, bəzi işbazlar fermalarda yetişdirilən və ölkəyə idxal edilən Çin məhsullarını yenidən qablaşdırır və onları “dənizdən ovlanmış kürü” adı altında təqdim edirlər. Nəticədə milli məhsulumuzun nüfuzuna xələl gəlir, belə ki, bu cür vicdansız əməllər istehlakçıların sağlamlığına təhlükə yaradır və yüksək keyfiyyətli Azərbaycan qara kürüsünün nüfuzunu ləkələyir.
Saxta Çin kürüsünün bazara axını istehlakçılar üçün problemlər yaradır: bəs məhsulun orijinal və istehlak üçün təhlükəsiz olduğunu, dadının gözləntilərə uyğunluğunu necə müəyyən etmək olar? İnanırıq ki, hazırladığımız bu material əsl keyfiyyət, milli ənənələrin qorunması və dad nüanslarının dərk edilməsi uğrunda mübarizədə oxucularımız üçün faydalı olacaq. Sizə Çin istehsalı olan saxta məhsulları ayırd etməyə və orijinal Azərbaycan delikatesini süfrələrə qaytarmağa kömək edəcəyik.
1. Qanunvericilik: Təbiətdə (dənizdə) nərə cinsli balıqların ovlanması qadağandır
Dünyanın bütün sivil dövlətlərində olduğu kimi Azərbaycanda da qanunvericilik nərə balıqlarının ovlanmasını qadağan edir. Bu qadağa nərə balıqlarının populyasiyasını qorumaq və bərpa etmək üçün tətbiq edilib. Hazırda Xəzər dənizində nərə cinsli balıqların sayı kəskin şəkildə tükəndiyindən vəhşi təbiətdən əldə olunan kürü yüksək qiymətləndirilir və çox baha təklif olunur, lakin cinayət məsuliyyəti yaratdığından bazarda satılmır. Buna görə də, “dəniz”dən əldə olunmuş bir neçə kiloqram kürü almaq təklifi dərhal şübhə doğurmalıdır. Cinayətə ortaq olmamaq və Xəzər dənizinin unikal ekosisteminə bərpası mümkün olmayan ziyan vurmamaq üçün belə təklifdən qəti imtina etmək tövsiyə olunur.
2. Saxta Çin məhsulları Azərbaycan qara kürüsünü kölgədə qoyur
Həqiqətən də Çində demək olar ki, hər şey istehsal olunur. Yeganə sual bu cür məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlıdır. Qara kürü də istisna deyil, Xəzər dənizinin duzlu suyu olmadığı bir mühitdə nərə cinsli balıqlar şirin su hövzələrində yetişdirilir. Sanki hər şeyin qaydasındadır, amma müəyyən nüanslar var.
Birincisi, Çində istehsal olunan kürünün geni dəyişdirilir. Mövcud resurslardan istifadə etməklə qiymətli məhsul yaratmağa çalışan Çin fermerləri şirin suda, çayda yaşayan nərə cinsli balıqları duzlu suda yaşayan nərə cinsli balıqlarla çarpazlaşdırır, daha sonra isə DNT-ni dəyişməklə məhsulu “təkmilləşdirir”lər. Lakin onların bütün səylərin baxmayaraq, şirin suda yaşayan Amur nərə balıqlarına (lat. Acipenser schrenckii) xas olan yaşıl rəng çalarını aradan qaldırmaq olmur.
İkincisi, Çin sənayesinin sürətli inkişafı ilə əlaqədar olaraq suyun və balığın tərkibində kimyəvi maddələrin olması, balıqların yetişmə sürətini sürətləndirmək cəhdləri və insan sağlamlığı üçün təhlükəli olan konservantlardan istifadə istehlakçının narahatlığına səbəb olmalıdır. Qara kürünün sağlamlıq üçün faydaları hər kəsə məlumdur, ancaq mənşəyi məlum olmayan kürü istehlak edərkən və ya yaxınlarınıza verərkən diqqətli olun. Azərbaycan bazarında Çin kürüsü çox geniş yayılıb, qablaşdırmanın dizaynında milli rəmzlərdən istifadə edilməsi isə alıcıda yerli istehsal illüziyası yaradır.
3. Əsl qara kürünün sirri: Qablaşdırmanı açırıq və nişanlamanı müəyyən edirik
Qara kürü alarkən qablaşdırmaya diqqət yetirin. Orijinal məhsullar vakuum bankalarında hermetik şəkildə qablaşdırılmalıdır. Bankada zədə və ya vakuumun pozulması izləri olmamalıdır. Bu, məhsulun təravətini və dadını saxlayaraq xarici təsirlərə məruz qalmadığına dair mühüm əlamətdir. Gözünüzün qarşısında qapaqla və ya təkrar istifadə oluna bilən plastik qapaqla bağlanan məhsul almaqla böyük risk etmiş olursunuz.
Keyfiyyət sertifikatları kimi lazımi sənədlərin və nişanlamanın olub-olmadığını yoxlayın. Bu, məhsulların orijinallığını və standartlara uyğunluğunu təsdiqləyir.
Bankada CITES sertifikat nömrəsinin olmasına diqqət yetirin - bu, məhsulun qanuniliyinə və beynəlxalq standartlara uyğun istehsal edildiyinə zəmanət verir.
4. Xüsusi diqqətlə saxlayın: Qara kürü üçün temperatur rejimi
Qara kürünün möhtəşəm dadının sirri təkcə onun istehsalı ilə deyil, həm də ehtiyatlı saxlanması ilə bağlıdır. Optimal temperatur hər bir kürü dənəsinin ideal vəziyyətini təmin edir, zəngin dadını üzə çıxarır və qiymətli qida xüsusiyyətlərini qoruyur.
Məhsulu aldığınız yerdə temperatur şəraitinə diqqət yetirin - orijinal kürü xüsusi soyuducularda -2 dərəcə selsi və -4 dərəcə selsi arasında olan temperatur şəraitində saxlanmalıdır. Bu, məhsulun dadını və keyfiyyətini qorumaq üçün optimal şərait yaradır.
Ehtiyatlı olun: dondurulmuş kürü təkcə teksturunu deyil, həm də qida xüsusiyyətlərini və dadını itirir. Qara kürü seçərkən onun xüsusi diqqətlə saxlanıldığından əmin olun, çünki bu, məhsulun unikal xüsusiyyətlərini qorumağa imkan verir.
5. Təhlükəsiz satınalma: Etibarlı təchizatçılar və satınalma yerinin diqqətlə seçilməsi
Qara kürünü yalnız yoxlanmış və etibarlı təchizatçılardan, həmçinin məhsulların orijinal mənşəyinə zəmanət verilən mağazalardan əldə edin. Diqqətli olun və qəbz təqdim etməyən satıcılardan çəkinin: bu, məhsulun keyfiyyətinə əmin olmaq üçün ilk addımdır.
Etibarlı təchizatçıların seçilməsi sizi yüksək keyfiyyətli qara kürü ilə təmin etməklə yanaşı, həm də əlavə zəmanət yaradır. Məhsullarla bağlı hər hansı problem yaranarsa, sənədlərin və qəbzin olması sizin şikayət etmək və sağlamlıq problemlərini aradan qaldırmaq işinizi asanlaşdıracaq. Nəhayət, məhsul aldığınız yerin diqqətlə seçilməsi, qara kürünün hər qramının keyfiyyətinə və təhlükəsizliyinə inamı təmin edir.
6. Aldadıcı təkliflər: Böyük miqdarda qara kürü alarkən ehtiyatlı olun
Əsl qara kürü axtarışında olan alıcıları müxtəlif tələlər gözləyir ki, onlardan biri də Çindən böyük həcmdə tədarük edilən və yüksək keyfiyyətli Azərbaycan kürüsü adı altında satılan məhsullardır. Başqa bazarlarda satılmayan keyfiyyətsiz Çin kürüsü partiyaları Azərbaycan ərazisinə gətirilməkdə davam edir.
Sizə cəlbedici qiymətə böyük həcmdə qara kürü almaq təklif edildikdə son dərəcə diqqətli olun. Bu, şübhəli iş birliyindən çəkinməyiniz üçün xəbərdarlıq əlaməti ola bilər. Unutmayın ki, qara kürünün dadından ləzzət almaq və Xəzər dənizinin bu qiymətli nemətinin bəxş etdiyi həzzi yaşamaq üçün tədarükçü seçiminə diqqətlə yanaşmağınız tövsiyə olunur.
Rəylər