Türkiyənin məişət və şəxsi gigiyena məhsulları istehsalçısı "Evyap" şirkəti Azərbaycanda yeni məhsul və brendlərini təqdim edib.
Oxu.Az-ın məlumatına görə, bu münasibətlə " Baku Marriott Hotel Boulevard"da təqdimat mərasimi keçirilib. Tədbirdə şirkət nümayəndələri yerli tərəfdaşlarla görüşərək yeni məhsullar və kateqoriyalar barədə məlumat veriblər.
Təqdimat çərçivəsində Türkiyədə tanınan "İpana" brendinin yenidən Azərbaycan bazarına çıxarılması, eləcə də "Evy Baby" uşaq bezlərinin satışına başlanılması xüsusi diqqət çəkib.
Mərasimdə iştirakçılar üçün həvəsləndirici lotereya oyunları da təşkil olunub. Həmçinin iştirakçılar şirkətin məhsulları ilə tanış olublar.
Təqdimat mərasimində müxtəlif qonaqlar çıxış edərək şirkətin məhsulları barədə məlumat veriblər. Tədbirdə tanınmış müğənni Çingiz Mustafayev də səhnəyə çıxaraq ifaları ilə iştirakçılara xoş anlar yaşadıb.
Tədbir çərçivəsində Oxu.Az-ın əməkdaşı şirkətin ixracat direktoru İlhan Atilla ilə həmsöhbət olub.
- Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Mən İlhan Atillayam. Təxminən 20 ildir ki, "Evyap" şirkətində çalışıram və hazırda şirkətin ixracat direktoru vəzifəsini tuturam. Azərbaycan bizim üçün ən vacib ölkələrdən biridir. Bu gün də azərbaycanlı müştərilərimizlə birlikdə xüsusi bir günü qeyd etmək üçün buradayıq.
Məhsullarımızı təxminən 30 ildir ki, Azərbaycan bazarına təqdim edirik. "Duru", "Fax", "Emotion" kimi brendlərimiz Azərbaycan istehlakçılarına yaxşı tanışdır.
Bu məhsulları istehlakçılara çatdıran market və supermarket nümayəndələri, eləcə də pərakəndə satış sahəsində fəaliyyət göstərən tərəfdaşlarımızla bir araya gəlmişik. Onlara yeni məhsullarımızı və kateqoriyalarımızı təqdim etdik.
Yeni brendlərimizdən biri də "İpana"dır. Bu, Türkiyədə çox yaxşı tanınan və Azərbaycan istehlakçılarının da bələd olduğu brenddir. Məqsədimiz bu markanı yenidən Azərbaycan istehlakçılarına təqdim etməkdir. Brendi geniş ictimaiyyətə təqdim etməzdən əvvəl işgüzar tərəfdaşlarımızı məlumatlandırdıq.
Digər mühüm yeniliyimiz isə "Evy Baby" uşaq bezləridir. Bu məhsulu Azərbaycan bazarına təqdim etməklə ölkədəki uşaqlara və valideynlərə yeni seçim imkanı yaradırıq.
Bundan başqa, "Duru" markasının yeni şampunlarını və "Arko" markasının yeni kremlərini təqdim etmək üçün buradayıq.
İnanıram ki, Azərbaycan istehlakçıları yeni məhsullarımıza da digər məhsullarımız kimi maraq göstərəcəklər. Azərbaycanda uğurlu fəaliyyətimizi davam etdirəcəyik. Mənə bu imkanı yaratdığınız üçün sizə təşəkkür edirəm.
- Təqdim etdiyiniz məhsullar Türkiyə istehsalıdır?
- Bəli, məhsullarımız Türkiyə istehsalıdır. Biz Türkiyənin aparıcı markalarından biriyik və ölkənin ən böyük uşaq bezi istehsal güclərindən birinə sahibik. Məhsullarımızı 50-yə yaxın ölkəyə ixrac edirik. Bir çox ölkədə bazar lideri olan məhsullarımız var.
İnanıram ki, "Evy Baby" Azərbaycanda da böyük bazar payı əldə edəcək və azərbaycanlı uşaqların sevimli, bir nömrəli markasına çevriləcək. Əsas hədəfimiz budur.
- "Evy Baby" uşaq bezlərinin Azərbaycanda satışına başlanılıbmı, yoxsa yaxın vaxtlarda başlanılacaq?
- Satışa artıq başlanılıb. Məhsullarımızın marketlərə paylanması prosesinə start vermişik. Hazırda onları bəzi marketlərin rəflərində tapmaq mümkündür. Yaxın zamanda satış şəbəkəmizi genişləndirərək məhsullarımızı daha çox marketə çatdıracağıq.
İstehlakçıların məhsullarımızı rahatlıqla əldə etməsi üçün çalışırıq. Hazırda məhsullarımızı tanınmış şəbəkə marketlərdən birində və diskont mağazalarından birində tapmaq mümkündür. Növbəti mərhələdə isə digər marketlərdə də satışa çıxarılacaq.
- Məhsulların qiymətləri necə olacaq? Digər markalarla müqayisədə qiymət fərqi gözlənilirmi?
- Qiymətdən əvvəl məhsulun keyfiyyətinə toxunmaq istərdim. Təbii ki, digər markaların adını çəkməyəcəyəm. Apardığımız çox sayda testin nəticələrinə əsasən, məhsullarımızın keyfiyyəti həm beynəlxalq, həm də Türkiyə istehsalı olan bir çox tanınmış brendin məhsulları ilə eyni səviyyədədir. Bəzi göstəricilər üzrə isə onlardan daha üstündür.
Qiymət siyasətimiz də rəqabətədavamlı olacaq. İstehlakçıların rahatlıqla ala biləcəyi, keyfiyyətinə güvənəcəyi və yenidən almaq istəyəcəyi məhsulları münasib qiymətlərlə təklif etməyi planlaşdırırıq.
- Müsahibəyə görə təşəkkür edirəm.
- Mən də göstərdiyiniz marağa görə təşəkkür edirəm.