Bu gün Gəncə şəhərində “Gəncə inşaat və avtomobil bazarı” MMC-nin ərazisində türkiyəli iş adamı Qiyas Akkurtun rəhbəri olduğu “Galaksi” şirkətinin açılış mərasimi baş tutub. Gəncə şəhər icra hakimi Niyazi Bayramov, icra hakiminin müavini Səməd Tomuyev, “Gəncə inşaat və avtomobil bazarı” MMC-nin direktoru Şahin Qarayev açılış nitqi ilə çıxış ediblər. Onlar müəssisənin fəaliyyətinin Gəncə və ətraf ərazilərin iqtisadi inkişafında xüsusi yeri olacağını vurğulayıblar. Daha sonra, “Galaksi” şirkətinin rəhbəri Qiyas Akkurt çıxış edib. Açılışda YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, Türkiyə Cümhuriyyətinin Gəncə şəhər konsulluğunun nümayəndələri, Gəncə regional KOB evinin nümayəndələri, İqtisadiyyat nazirliyinin nümayəndələri və digər iş adamları iştirak ediblər.
Burada şirkətin iki istehsal sahəsi üzrə fəaliyyəti olacaq. Birinci sahə “Galaksi Tekstil” ev tekstil məhsulları istehsalı fabriki, ikinci sahə isə “Galaksi Shaika” Qranit tava və qazan dəstləri istehsalı fabriki. “Galaksi” şirkətinin bu istehsal sahələri, ev tekstili məhsulları istehsalı sahəsində Gəndə-Qazax iqtisadi zonasında ilk, qranit qazan və tava istehsalı sahəsində isə, Azərbaycanda ilk belə bir istehsal sahəsidir. Hər fabrikdə 100 nəfərdən çox işçi heyəti çalışacaq. Bu da öz növbəsində regional sosial-iqtisadi inkişafa töhfəsini verəcək. “Galaksi Tekstil” fabrikinin aylıq istehsal gücü 5000 dəst təşkil edir. Burada yorğan, döşək və onların üzlüklərinin hər birindən 5 ədəd olmaqla dəst istehsalı nəzərdə tutulur. “Galaksi Shaika” qranit fabrikinin də istehsal gücü aylıq 5000 dəst təşkil edir. Burada da, müxtəlif ölçülərdə, həcmdə qranit tavalar və qazanların istehsalı həyata keçiriləcək. Qiyas Akkurt vurğulayıb ki, bu iki istiqamət üzrə fəaliyyətin gələn il üçün daha da inkişaf etdirilməsi planlaşdırılır. Bunun üçün “Gəncə inşaat və avtomobil bazarı” MMC-də böyük şərait var. Bu kompleksdə digər sahibkarların da, fəaliyyət göstərməsi üçün münbit şərait mövcuddur.
Qeyd edək ki, “Galaksi” şirkəti ölkəmizdə 20 ildən çoxdur ki, fəaliyyət göstərir.