Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda tədbir keçirilib.
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun akt zalında davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev ümummilli lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə ordu quruculuğu sahəsində atılan addımların prioritet olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər hələ hakimiyyətinin birinci dövründə hərbçi kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi. 1971-ci ildə ümummilli liderin gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin məktəbin yetirmələridir.
Rafiq Quluyev vurğulayıb ki, möhkəm təməl uğurların başlanğıcıdır deyimi əbəs yerə işlədilmir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla ordu quruculuğu sahəsindəki islahatları sayəsində müdafiə qüdrətimizi gücləndirən ümummilli lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bunun üçün iqtisadi qüdrətin artırılması vacib idi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının genişlənməsinə yol açdı ki, bu da öz növbəsində ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi. Dahi şəxsiyyətin əsas çağırışlarından biri gənclərin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunması idi.
Azərbaycan Ordusunun hansı imkanlara malik olduğu keçirilən hərbi paradlarda, beynəlxalq müdafiə sərgilərində nümayiş olunurdu. Bu gün Azərbaycan Ordusunun modernləşməsi, hərbi hissələrin ən müasir silahlarla təchiz olunması üçün biri-birindən mühüm addımlar atılır.
Rafiq Quluyev bildirib ki, Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladları ilə fəxr edir. Bu fəxarət Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması da təqdir edilən mühüm addımlar sırasındandır. Nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi, keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün Azərbaycanda mindən artıq adda hərbi təyinatlı məhsul istehsal edilir. Ordumuz üçün lazım olan ləvazimat, avadanlıq, texnika Azərbaycanda istehsal edilir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunun təsdiqi oldu. Məhz bütün bunların nəticəsində bu gün Azərbaycan yaratdığı yeni reallıqlarla dünyanın diqqətindədir.
Ümummilli Liderin 100 illiyinə həsr olunan tədbirdə YAP Xətai rayon təşkilatının “Rahib Məmmədov 25” ünvanı üzrə ərazi partiya təşkilatında partiyaya yeni qəbul olunmuş 100 nəfərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrinin təqdim edilməsi öz rəmzi mənası ilə diqqətdə olub. Həmçinin YAP Xətai rayon təşkilatının həyatında fəal iştiraklarına görə bir qrup partiya üzvünə Fəxri fərmanlar təqdim edilib.
Azərbaycanın müdafiə sənayesi sahəsində atılan məqsədyönlü addımların uğurlu nəticələrini özündə əks etdirən sənədli film nümayiş olunub.
Tədbir bədii proqramlarla başa çatıb.
Rəylər