Son qlobal qiymətləndirmələr göstərir ki, yaradıcı iqtisadiyyat dünya ÜDM-inin təxminən 6-7 faizini təşkil edir. "Creative Economy Outlook" hesabatına əsasən, ölkələr üzrə yaradıcı iqtisadiyyatın payı inkişaf səviyyəsinə və yaradıcı sektorların əhatə dairəsinə görə 0.5%-dən 7.3%-ə qədər dəyişir. Bazar araşdırmaları göstərir ki, 2024-cü ildə qlobal yaradıcı sənayelər təxminən 3 trilyon ABŞ dolları həcmində iqtisadi dəyər yaradıb və proqnozlara görə, bu rəqəm 2030-cu illərin əvvəllərində 4.2 trilyon ABŞ dollarını ötəcək. Yaradıcı xidmətlərə artan tələbat fonunda bu sektorun payı 2030-cu ilə qədər dünya ÜDM-inin 10%-nə yaxınlaşa bilər. Kreativ industriyanın əsas istiqamətlərindən biri də "CulTech" sferasıdır. Azərbaycanda da Mədəniyyət Nazirliyinin diqqətində olan innovasiyayönümlü sahələrdən biri məhz "CulTech"dir.
Nazirliyin dəstəyi ilə yaradılan Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi artıq dördüncü kohortdan "CulTech" üzrə müraciət edən strartapları dəstəkləyir. Belə ki, Yaradıcı Mərkəzin ev sahibliyi etdiyi və SUP VC şirkətinin təşkilatçılığı ilə həyata keçirilən "CulTech" İnkubasiya Proqramının dördüncü kohortu dinamik inkişafı və təqdim etdiyi real nəticələrlə ölkənin yaradıcı sənayelər ekosistemində mühüm hadisəyə çevrilib. "CulTech" Azərbaycan yaradıcılıq mühitində ilk dəfə olaraq dizayn, mədəniyyət, kino, musiqi, oyun sənayesi, rəqəmsal incəsənət və kreativ texnologiyalar sahələrində çalışan gəncləri vahid platformada birləşdirən innovativ model kimi formalaşıb. Proqram bu gün həm ölkə daxilində, həm regionda, həm də qlobal miqyasda diqqət çəkən uğur hekayələri yaradır.
Startapların nümayişləri və ictimai tanıdılması
Dördüncü kohort startaplarının fəaliyyəti təkcə inkubasiya çərçivəsində deyil, "Inmerge Summit", BAKU ID, "STEAM Azerbaijan Festivalı"nda, "Nargiz Magazine"in "Force of Love" kimi müxtəlif yaradıcı və innovasiyayönümlü tədbirlərdə də geniş nümayiş olunub. Bu platformalarda "CulTech" startapları yerli və beynəlxalq auditoriyaya öz məhsullarını təqdim edərək həm tərəfdaşlar, həm də potensial investorlar üçün yeni imkanlar əldə ediblər.
Proqram çərçivəsində 4 startap startap şəhadətnəməsi, 2 startap isə qrant əldə ediblər.
"CulTech" iştirakçıları həm yerli, həm də xarici ekspertlərdən ibarət mentorlarla: Məhsul inkişafı, kreativ biznes modeli qurulması, qlobal bazarlara çıxış strategiyası, mədəniyyət-texnologiya birləşməsi, brendləşmə və kontent istehsalı üzrə intensiv mentorluq alıblar. Türkiyə, Estoniya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Mərakeş, BƏƏ və digər ölkələrdən olan peşəkarların iştirakı məzunlara regional və qlobal perspektiv qazandırıb.
"CulTech" proqramı, həmçinin ölkənin ADA, UNEC, ADNSU, UFAZ kimi aparıcı universitetlərindən minlərlə gənci seminarlar vasitəsilə yaradıcı sənayelərin sürətlə inkişaf edən sahələri ilə tanış edib. Bunlardan bir qismi inkubasiya komandalarına qoşularaq real layihələrdə təcrübə qazanıb.
"CulTech"in gələcək planları
"CulTech" ekosistemi 2025-2026-cı illərdə: C-HUB modelinin İƏT ölkələrində tətbiqi, "CulTech"-"GameTech"-Animasiya klasterlərinin genişləndirilməsi, regionlar üzrə "CulTech Roadshow" proqramları, "CulTech" məzunlarının qlobal sərgilərdə və festivallarda iştirakı, beynəlxalq investorlarla birbaşa görüş platformaları kimi genişmiqyaslı planları həyata keçirməyi qarşıya məqsəd qoyub.
İƏT-in "Bakı Yaradıcı Həftə 2025" çərçivəsində təşkil olunan bütün "CulTech" tədbirlərində iştirak etmək istəyən şəxslər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər: