Bu gündən “Baku Marriott Hotel Boulevard”da 300 nəfərin iştirakı ilə baş tutacaq Milli İnsan Resursları Forumunda iştirak üçün qeydiyyat başlayıb. 2015-ci ildən etibarən təşkil edilən və ölkəmizin İnsan resursları sahəsində ilk forumu olan MİRF bu il 5-ci dəfə keçiriləcək.
Bu ilki “MİRF 2022” forumun formatı və konsepti artıq bəlli olub. Beləliklə, MİRF 2022 “AXINA QARŞI” şüarı ilə beyin köçü mövzusunu gündəmə gətirəcək. Forum hər paneldə 4 spikerin çıxışı olmaqla, 2 paneldən və bir praktiki məşğələdən (workshop) ibarət olacaq. Bundan əlavə tədbir zamanı müstəqil spikerlərin çıxışları, həmçinin MİRF-in Türkiyənin öncül araşdırma şirkətlərindən olan “PESSURVEY” ilə əməkdaşlığı çərçivəsində “Beyin köçü” mövzusundakı fərqli hədəf kütlələr üzrə etmiş olduğu anketin nəticələrinin tədbir iştirakçılarına təqdimatı baş tutacaq. Eyni zamanda tədbir iştirakçıları üçün əyləncəli oyunlar təşkil ediləcək və müxtəlif hədiyyələr təqdim ediləcəkdir.
Tədbir barədə layihə rəhbəri Cabir Süleymanlı və layihənin təşkilati dəstəkçiləri “Business Management School” MMC-nin həmtəsisçisi Elvin Cabaylı, “HR Option” MMC-nin həmtəsisçisi Xəqani Səfərov və İnsan resursları üzrə meneceri Cəmil Hüseynov, “Fil Agency”nin təsisçisi Rafiq Hunaltay və “Facemark” MMC-nin direktoru Ayşən Allahverənova öz videomüraciətlərində məlumat veriblər.
Yenilik olaraq MİRF-in bu ilki tədbirində həm oflayn, həm də onlayn iştirak mümkün olacaq. İzləyicilər forum barədə yeniliklərdən xəbərdar olmaq və iştirak bileti əldə etmək üçün veb səhifəsi (www.mirf.az), həmçinin layihənin sosial media hesablarını izləyə bilərlər.