“Azerbaijan Fish Farm” və “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 19 may 2023-cü il tarixində Neftçala rayonu Yenikənd Nərə Damazlıq Təsərrüfatında Beynəlxalq Biomüxtəliflik Günü və Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
S.Q.Kərimov adına Kür-təcrübi nərə balıqartırma zavodu 1954-cü ildə istismara verilib və özəlləşdirilənədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərib. Özəlləşdirildikdən sonra müəssisədəki 34 nohur tam yenidən qurulub, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən texnologiya alınıb, hovuzlar təmir olunub və yeni hovuzlar quraşdırılıb.
Əsas təsərrüfat Neftçala rayonunun Yenikənd kəndində yerləşir və ümumi sahəsi 58,6 hektar təşkil edir.
Qeyd edildi ki, təsərrüfatda il ərzində 10 ton nərəcinsli balıq kürüsü, 200 ton nərəcinsli balıq əti,100 ton əmtəəlik çəkikimi balıqların istehsal edilməsi nəzərdə tutulur. Nərəcinsli balıqların faktiki istehsalı 65 ton, kürü məhsulu isə 1,327 ton təşkil edir.
Bildirildi ki, “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi və “Azerbaijan Fish Farm” birlikdə Beynəlxalq Biomüxtəliflik Gününə və ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyəti Xəzər dənizində nərəcinsli balıqların ehtiyatının bərpa edilməsinə yönəlib.
Nərəcinsli balıqların müasir dövrdəki kritik vəziyyətini nəzərə alaraq, “Azerbaijan Fish Farm” şirkətinin bu növ balıqların Xəzər dənizinə buraxması təşəbbüsü onların ehtiyatının bərpasına və çoxalmasına, habelə biomüxtəlifliyin qorunub saxlanmasına xidmət edir.
Tədbir müstəsna biomüxtəlifliyi ilə tanınan Xəzər dənizində ekoloji tarazlığının və təbii ehtiyatlarının qorunması üçün birgə fəaliyyət və məsuliyyətin önəmini nümayiş etdirib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Lu-Mun Holding”in İdarə Heyətinin sədri Rüfət Tabasaranskiy, aidiyyəti qurumların rəsmiləri, QHT-lər, yerli balıqyetişdirmə müəssisələrinin rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
R.Tabasaranskiy və M.Seyidov çıxış edərək ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hər zaman ekoloji durumun yaxşılaşdırılmasına, biomüxtəlifliyin qorunmasına xüsusi önəm verdiyini bildiriblər. Bununla bağlı bir sıra sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasında olduğu bir daha təsdiqləyib.
Tədbirin ən önəmli məqamı nərəcinsli balıqların Xəzər dənizinə buraxılması prosesi olub. Hər bir iştirakçının bir nərə balığı buraxması ilə ümumilikdə 2000 nərə balığı təbii mühitə köçürüldü ki, bu da bu sahədə kollektiv səy və fədakarlığı simvolizə edir. Bu əlamətdar hadisə təşkilatçılar tərəfindən il ərzində ümumilikdə 50 000 nərəcinsli balıqların buraxılması üçün zəmin yaradır.