“McDonald's Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolski İMPACT jurnalının ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışına müsahibə verib, Heydər Əliyevin gələcəyə baxışı və onun Azərbaycan iqtisadiyyatının inkişafına təsirindən danışıb.
Qeyd edək ki, IMPACT Amerika Ticarət Palatasının Azərbaycandakı rəsmi nəşridir.
Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Gəlin, Azərbaycan tarixinin keşməkeşli dövrü olan 1990-cı illərin əvvəllərindən başlayaq. Həmin dövrdə ölkənin üzləşdiyi çətinliklər barədə nə deyə bilərsiniz?
- Həqiqətən də, 1990-cı illərin əvvəlləri müstəqilliyə yenicə qədəm qoymuş Azərbaycan üçün dərin sarsıntılar dövrü kimi yadda qaldı.
SSRİ-nin dağılmasından sonra müxtəlif problemlərlə çarpışan ölkədə dövlət institutları dağılmış, dövlət orqanlarının fəaliyyəti demək olar ki, tamamilə iflic olmuşdu.
Belə bir xaosun baş verdiyi bir dövrdə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtmaqla özü ilə Azərbaycanın iqtisadi inkişafı üçün zəmin yaradan sabitlik və islahatlar gətirmiş oldu.
Şübhəsiz ki, ümummilli liderin hakimiyyətə qayıtması Azərbaycanın iqtisadi inkişaf yolunda dönüş nöqtəsi oldu. Sarsıntılardan sonra iqtisadi sabitliyə və artıma təcili ehtiyac olduğunu başa düşən ulu öndər bir sıra köklü islahatlara start verdi.
Onun rəhbərliyi altında ölkədə iqtisadi sahədə mühüm dəyişikliklər baş verdi. O, iqtisadiyyatı şaxələndirmək və neft-qaz sektorundan asılılığın azaltmaq məqsədilə xarici investisiyaların cəlb edilməsi üçün zəmin yaratdı.
Bu islahatlar biznes üçün daha əlverişli mühit yaratmaq, həm yerli, həm də beynəlxalq şirkətləri Azərbaycana sərmayə yatırmağa stimullaşdırmaq məqsədi daşıyırdı. Onlar iqtisadi yüksəliş üçün əlverişli mühit yaratmaqla ölkə iqtisadiyyatının bərpa olunmasında və ölkənin rifahı üçün qədəm qoymasında mühüm rol oynadılar.
- Həmin dövrdə “McDonald's” şirkətinin Azərbaycanın inkişafına hansı töhfələri olub?
- 1999-cu ildə ulu öndər ölkədə sabitliyi bərqərar etmək üçün səy göstərdiyi bir zamanda “McDonald's” Bakıda ilk restoranını açdı və bu, Azərbaycanın inkişafında əhəmiyyətli dəyişikliklər dövrünə təsadüf etdi.
Bu müasir, cəlbedici restoran qısa zamanda Bakının ən məşhur məkanlarından birinə çevrildi.
Azərbaycanda ilk addımlarını atan “McDonald's”, iqtisadi dirçəlişin və mədəni fərqlərin şərtləndirdiyi müəyyən çətinliklərlə üzləşdi, lakin nümayiş etdirdiyi qətiyyət şirkətin ölkənin gələcəyinə sərmayə qoymağa hazır olduğunu göstərdi.
Bu dövr üçün Azərbaycanın makroiqtisadi göstəricilərinin təhlili ümummilli liderin həyata keçirdiyi islahatların mühüm təsirini və müxtəlif sənaye sahələrinə töhfəsini göstərir.
Neft və qaz sektoru iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi olaraq qalmasına baxmayaraq, “McDonald's” kimi şirkətlər iş yerlərinin yaradılmasında və ölkəyə xidmət sahəsində innovasiyaların gətirilməsində mühüm rol oynayıblar.
Xarici şirkətlər, o cümlədən “McDonald's” iqtisadi töhfələri ilə yanaşı Azərbaycanın sosial həyatında da mühüm rol oynayıb.
Məsələn, bizim Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində təşəbbüslərimiz biznes fəlsəfəmizin bir hissəsinə çevrildi və bu gün də onun ayrılmaz hissəsi olaraq qalmaqdadır. Biz çoxsaylı ekoloji layihələri və ictimai tədbirləri, gənclərin məşğulluğunun təmin edilməsini və yerli xeyriyyə təşkilatlarının fəaliyyətini dəstəkləməklə “yaxşı qonşu” olmağa çalışırıq.
- Sizcə, ulu öndərin iqtisadi baxışı və “McDonald's” kimi transmilli korporasiyaların fəaliyyəti Azərbaycanın iqtisadi mənzərəsinin formalaşmasına necə təsir göstərdi?
- Həm ümummilli liderin, həm də onun layiqli davamçısı, cənab prezidentimizin “McDonald's” restoranlarının açılışlarında iştirak etməsi ölkə rəhbərliyinin xarici investorlara diqqətinin bariz nümunəsidir. Dövlət başçılarının restoranlarımızın açılış mərasimlərində iştirakı hökumətin xarici investisiyalara dəstəyinin və iqtisadi inkişafa sadiqliyinin nümayişi baxımından böyük simvolik əhəmiyyətə malik idi.
Ölkə başçısının rəhbərliyi altında Azərbaycan hazırda ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə, beynəlxalq reytinqlərdə yüksək mövqelər tutan və davamlı islahatların aparıldığı ölkəyə çevrilib. Ölkənin dayanıqlığının, uyğunlaşma qabiliyyətinin və davamlı inkişafının göstəricisi olan bu nailiyyətlər iqtisadi mənzərənin formalaşmasında həlledici rola malikdir.
Uzaqgörən liderlərin rəhbərliyi altında formalaşan, daimi xarici sərmayə axını, o cümlədən müxtəlif sənaye sahələrində dünya brendlərinin təmsil olunması ilə zənginləşən Azərbaycanın keçdiyi iqtisadi inkişaf yolu ölkənin xaosdan rifaha doğru əlamətdar keçidini təcəssüm etdirir.
- “McDonald's”ın Azərbaycandakı perspektivləri və gələcək planları haqqında nə deyə bilərsinizmi?
- Bu illər ərzində Azərbaycanda 23 restoranımız fəaliyyətə başlayıb və işçilərin sayı 2180 nəfərə çatıb.
1999-cu ildən indiyədək ümumilikdə 13 min nəfərdən çox əməkdaş “McDonald's Azərbaycan” komandasının üzvü olub.
Ölkədə həyata keçirilən islahatlar fonunda Azərbaycanda iqtisadi artım və inkişaf üçün əlverişli mühitin davamlı olacağına inanırıq. Məqsədimiz qarşıdakı 5 il ərzində Azərbaycandakı restoran sayını 50-yə çatdırmaq və ümumilikdə 4500 nəfərdən çox şəxsin məşğulluğunu təmin etməkdir.
Bundan əlavə, bu gün 100-dən çox yerli şirkətlə, o cümlədən qida, süd və kənd təsərrüfatı tədarükçüləri, eləcə də sous istehsalçıları ilə əməkdaşlıq edərək, yaxın gələcəkdə “McDonald's”da istifadə olunan mal əti məhsullarının yerli istehsal hesabına təmin edilməsini hədəfləyirik. Bu səylər, şübhəsiz ki, yerli iqtisadiyyata müsbət təsir göstərəcək.
Biz Azərbaycanın inkişaf edən iqtisadi və sosial mənzərəsinin ayrılmaz hissəsi olaraq qalırıq və bundan sonra da bu sahədə mühüm rol oynamağa hazırıq.
Qonaq haqqında
Oskar Boqopolski “McDonald's Azərbaycan” şirkətinin baş direktoru vəzifəsində çalışır.
İqtisadiyyatın müxtəlif istiqamətlərində maliyyə sahəsi üzrə 10 ildən artıq təcrübəyə malik olan Boqopolski 2014-cü ildən etibarən “McDonald's” komandasının üzvüdür. O, 2020-ci ildə şirkətin baş direktoru vəzifəsinə təyin edilməmişdən əvvəl şirkətdə maliyyə meneceri və baş maliyyə direktoru kimi əsas vəzifələrdə çalışıb.
Boqopolski Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri məzunudur. O, bu ali təhsil müəssisəsində “İqtisadiyyat” ixtisası üzrə bakalavr və “Biznesin idarə edilməsi” üzrə magistr dərəcəsi alıb. Universiteti bitirdikdən sonra akademik fəaliyyətini davam etdirib və hazırda “Biznesin idarə edilməsi” üzrə doktorluq dissertasiyasını müdafiə edir. Bundan əlavə, o, “McDonald's” Qlobal Təhsil Proqramı çərçivəsində Çikaqoda yerləşən Hamburger Universitetində təlim proqramını uğurla başa vurub.
Rəylər