Həyat sığortası sahəsi üzrə bir çox yenilikləri ilə tanınan “Qala Həyat Sığorta” şirkəti bazara yenə öz maraqlı töhfəsini vermək niyyətindədir. Bu dəfə şirkət bazarın peşəkar iştirakçıları sayılan sığorta agentlərinin sayını əhəmiyyətli dərəcədə artırmaq üçün tədbirlər planı hazırlayıb. Belə ki, cəmiyyət sığorta bazarında ilk öncə sığorta vasitəçisi kimi sərbəst kommersiya fəaliyyəti göstərmək üçün insanları müsabiqəyə dəvət etməklə, müraciət edən şəxslərə sığorta agenti fəaliyyətini təşviq edəcək və onların bu sahəyə marağını öyrənəcək. Daha sonra cəmiyyət həmin şəxslərə həm sığorta sahəsi üzə baza biliklərin mənimsənilməsi istiqamətində, həm də müştəri xidmətləri üzrə düzgün yanaşmanın tətbiqi mövzularında təlimin keçirilməsini planlaşdırır.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, “Qala Həyat Sığorta” şirkəti bu layihəyə “Qala Sığorta” şirkəti ilə birgə başlayır. layihənin uğurla icra olunması üçün hər iki şirkətin maddi texniki resurslarından, peşəkar kadrlarından, habelə lazım gəldiyi təqdirdə kənar qaynaqlardan yararlanmaq imkanlarından istifadə olunacaq. Xüsusilə vurğulamaq lazımdır ki, gələcəkdə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə də birgə oxşar layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Məqsəd, bilikli və bacarıqlı, eyni zamanda məsuliyyətli sığorta agentlərinin sayını çoxaltmaqla bazarın inkişafına təkan verməkdir. Nəticə etibarilə, hazırda böyüyən sığorta bazarının tələblərinə cavab verən peşəkar sığorta vasitəçilərinin sayının artması ümumilikdə keyfiyyətli xidmət alan müştərilərin məmnuniyyətinə səbəb olacaq. Bu da öz növbəsində bazarın ən güclü təmsilçilərindən olan “Qala Həyat Sığorta” və “Qala Sığorta” şirkətlərinin gələcəyə hesablanmış biznes maraqlarının təmin olunmasına şərait yaradacaq.
Xatırladaq ki, “Qala Həyat Sığorta” şirkəti sığorta bazarının həyat sahəsi üzrə ilk sığorta təşkilatı olaraq 2011-ci ildə yaradılıb və hal-hazırda bir icbari və yeddi könüllü sığorta məhsulları ilə xidmət göstərir.