Bir müddət əvvəl mətbuatda “bina əyildi, sakinlər təhlükədə” başlıqlı yazı dərc edilmişdir.
Dərc edilən yazılarla əlaqədar olaraq “Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş “Kristal Abşeron” şirkətinin əraziyə ezam edilmiş əməkdaşları binaya baxış keçiriblər.
Şirkətdən bildirilir ki, yayılmış görüntülər inşaat norma və qaydalarına əsasən 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dekorativ dəmir listlərin dəyişdirilməsi zamanı çəkilib. Şəkillərdə də göründüyü kimi sözügedən boşluğun aşağı hissəsindəki dekorativ dəmir list yerində qalıb, ortada bir hissədə dəmir list dəyişdirilir.
Bütün bu proseslər isə binanın dayanıqlılığına heç bir təsir göstərmir. Bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və binanın konstruksiyasında heç bir zədə yoxdur.
Qeyd edək ki, binanın tikintisində istifadə olunan armaturlar Rusiya istehsalı “A500”, beton isə “M400” markadır. Eyni zamanda memarlığında da hər hansı bir dəyişiklik yoxdur.
Son olaraq məlumat vermək istəyirik ki, bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir. Vətəndaşları yayılan dezinformasiyalara inanmamağa çağırırıq.