Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Qubada əsl istirahət məkanı - “Macara Lake Park” - FOTO](https://images.oxu.az/2022/06/14/16/08/02/4f22e3b4-13b6-43da-bc81-f07cc805fa33/Quba Macara Lake Park 000:1200.jpg)
Qubada əsl istirahət məkanı - “Macara Lake Park” - FOTO
Azərbaycanın gözəl təbiətli, xoş mənzərəli məkanlarından olan Qubada fəaliyyət göstərən hotellər arasında “Macara Lake Park” fərqlidir. Xidməti, məkanı, aurası, ab-havası - bir sözlə, çox məqamlarına görə...
Həmsöhbətimiz isə Qubada yerləşən “Macara Lake Park” hotelinin direktoru Faiq Məmmədovdur.
- Salam Faiq bəy.
- Salam, “Macara Lake Park” hotelinə xoş gəlmisiniz.
- Faiq bəy, qarşıdan istirahət mövsümü gəlir, bu yay “Macara” hotelində qonaqları nə kimi yeniliklər, hansı xidmətlər gözləyir?
- Bu yay qonaqlarımızı çoxlu sayda yeniliklər və xoş sürprizlər gözləyir. Ən əsas yeniliklərimizdən biri odur ki, “Lake Park” adlı, 74 otaqlı yeni hotel binası 1 may tarixindən etibarən istifadəyə verilib. 2 mərtəbəni əhatə edən böyük “Macara SPA” mərkəzimiz də məhz yeni “Lake Park” hotel binamızda yerləşir.
- Bu o dəməkdir ki, bu ildən siz artıq SPA xidmətləri də təqdim edəcəksiniz?
- Doğrudur, SPA xidmətlərimiz otaq gecələmə qiymətlərinə daxildir. SPA mərkəzimizə, bəylər və xanımlar üçün ayrı-ayrılıqda olmaqla: türk və fin hamamları, müalicəvi duz otağı, buxar otağı, fitosauna və sidr çəlləkləri, cakuzi, həmçinin tam təchizatlı böyük fitnes mərkəzi daxildir. SPA mərkəzinə aid olan böyük qapalı hovuzumuz isə gölə baxan mənzərəsi ilə qonaqlarımızın sevimli guşəsinə çevrilib. İsidilmə xüsusiyyətli bu hovuzumuzun önündəki şüşə lövhələr açılmaqla yayda qapalı hovuzdan açıq hovuz tipinə çevrilir.
- Bəs qonaqların asudə vaxtını keçirməsi üçün hansı əyləncə vasitələri yaradılıb?
- Həm uşaqlar və həm də böyüklər üçün əyləncə imkanlarımız genişdir. Bu ildən etibarən Çənlibel gölündə 12 ədəd 4 nəfərlik katamaranlarımız fəaliyyətə başlayıb. Çox əyləncəli bir fəaliyyət növüdür. Uşaqlar üçün qapalı və açıq oyun meydançaları, uşaq dayə xidməti mövcuddur. Ərazidə futbol, voleybol, bilyard, stolüstü oyunlar, darts və bir sıra digər əyləncə növləri mövcuddur. Məlumat üçün deyim ki, hotel ərazisində uşaqlar və gənclər üçün nəzərdə tutulan yeni “Macara Land” adlı layihənin üzərində intensiv işlər aparılır və bu ilin sonunadək boulinq, avtodrom, karusel və digər möhtəşəm əyləncələrdən ibarət olacaq zonanı qonaqlarımıza təqdim etməyi planlaşdırırıq.
Qonaqlarımızın çox sevdiyi digər əyləncə növü isə balıqtutmadır. Belə ki, balıqtutma vasitələrini minimal qiymətə icarəyə götürməklə bu əyləncəli fəaliyyət növündən yararlanmaq olar. Hətta tutduğunuz balıqları restoranlarımızda özəl olaraq sizin üçün hazırlanmağa da verə bilərsiniz.
- Bəs göldə balıqlar çoxdurmu?
- Bəli. Biz Çənlibel gölünün və göldəki biomüxtəlifliyin konservasiyası üçün öz çiyinlərimizə bir məsuliyyət yükləmişik. İl ərzində 3-4 dəfə xüsusi balıqyetişdirmə məntəqələrindən gətirilən sazan, belamur və digər balıq növləri gölə buraxılaraq yetişdirilməsi təmin edilir.
- Çənlibel gölü ilə əlaqəli “Macara” hoteli tərəfindən başqa hansı işlər görülür?
- Bildiyiniz kimi, “Macara Village Resort” hotel kompleksi 2018-ci ildən fəaliyyət göstərir və bölgədə sahibkarlığın, turizm infrastrukturunun yaradılması üzrə investisiya təşviq proqramının iştirakçısıdır. Qanunvericiliyə uyğun şəkildə konservasiya tədbirləri icra edilmək şərtilə turizm təyinatlı istifadə məqsədi ilə müqavilə əsasında dövlətdən icarəyə götürülmüşdür. “Macara” hotel kompleksi olaraq biz bu məsuliyyətdən irəli gələn bütün konservasiya işlərini müntəzəm və planlı şəkildə icra edirik. Belə ki, icarə üzrə utilizasiya proqramından öncə gölün yaxınlığındakı bır sıra iaşə obyektlərindən çirkab suları birbaşa olaraq gölə axıdılırdı.
İcarə üzrə konservasiya öhdəliklərimizin başlandığı ilk ildə tərəfimizdən aparılan geniş bərpa və konservasiya proqramı əsasında əraziyə təmizləyici qurğular yerləşdirildi və Çənlibel gölünə çirkab sularının axıdılmasının qarşısı tamamilə alındı. Ötən əsrin 70-ci illərində suvarma məqsədi ilə yaradılmış bu göldə suyun səviyyəsinin son illərdə azalması tendensiyası müşahidə edilirdi. Bunun qarşısının alınması məqsədi ilə, hotel rəhbərliyi tərəfindən özəl investisiya hesabına yaxınlıqdakı yeraltı su mənbələrindən mexaniki su xətti çəkilərək müntəzəm şəkildə gölün suyunun yenilənməsi həyata keçirilib və öncəki illərlə müqayisədə suyun səviyyəsi bərpa olunub. Həmçinin təbiətin ahəngini və vizual gözəlliyi pozmadan göl ətrafı piyada səkilərinin qurulması və gölə aparan avtomobil yollarının bərpası tərəfimizdən həyata keçirilib.
Ümumiyyətlə “Macara” hotel kompleksinin tikilməsi və hotelə aid infrastrukturun yaradılması işləri aparılarkən ərazinin relyefinə ciddi həssaslıqla yanaşılıb. Hətta ərazilərin daha da yaşıllaşdırılması istiqamətində xeyli işlər görülüb və ərazidə çoxlu sayda ağacların əkilməsi həyata keçirilib. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, turizm kompleksinin inşası müddətində tərəfimizdən aparılan bir sıra işlərə maneələr də yaradılır, müxtəlif məqsədlər ilə bəzən mediada reallığı əks etdirməyən saxta məlumatlar paylaşılır. Bu tip qanuna-zidd əməllərin qarşısını almaq üçün hətta məhkəməyə də müraciət etdiyimiz hallar olub və qanun çərçivəsində problemlərin həllinə nail olmuşuq.
- Geniş məlumat üçün təşəkkür edirik Faiq bəy, bəs bu gün “Quba Macara” hotelində nə qədər işçi çalışır?
- İşçi sayımız 200-dən bir qədər artıqdır və böyük əksəriyyəti Qubanın və ətraf kəndlərin sakinləridir. Bütün departamentlər üzrə işçi personalımızın xidmət keyfiyyətinin artırılması istiqamətində müntəzəm olaraq işlər aparılır və tərəfimizdən geniş təlim proqramları həyata keçirilir. Ali təhsilli gənclər üçün daha geniş imkanlar yaratmağa və karyera qurmağı üçün faydalı işlər görməyə çalışırıq. Həmçinin qeyd etməliyəm ki, regionda yaşayan və təhsilə marağı olan yeniyetmələrə də təhsil almaqları üçün “Macara Club” olaraq dəstək proqramımız mövcuddur və bu proqramdan artıq bir neçə gənc faydalanıb.
- Hotel qonaqlarınız kifayət qədər varmı? Hotel gəlirli olaraq çalışırmı?
- Regionlarda fəaliyyət göstərən resort tipli hotellərin fəaliyyəti bildiyiniz kimi Azərbaycanda mövsümi xarakter daşıyır. Qış aylarında tələbat olduqca aşağı olur, yay aylarında isə təbii olaraq artır. Bu biznesin mövsümlük xüsusiyyəti sahibkarlar üçün bir sıra çətinliklər yaradır və xərclərin artmasına səbəb olur. Gəlirliliklə bağlı sualınıza cavab olaraq demək istərdim ki, il sonu nəticələrinə görə hələ ki, hotelimiz zərərlə çalışır və biz çox ümid edirik ki, önümüzdəki illərdə ölkəmizdə həm daxili və həm də gəlmə xarici turizm daha da geniş vüsət alacaq və hoteldə doluluqlarımız artacaqdır.
- Hotelinizin əsas müştəriləri kimlərdir?
- Hotel qonaqlarımızın böyük əksəriyyətini ailələr təşkil edir. Çünki hotelimizdə ailələrin istirahəti üçün hər şərait təmin edilib. Hotelin əsas binası ilə yanaşı çoxsaylı kotec, “townhouse” və villalar üzrə çoxsaylı otaq kateqoriyalarımızın mövcudluğu, gözəl təbiət, dadlı yeməklər, SPA və hovuz, böyüklər və uşaqlar üçün əyləncə çeşidlərinin olması hotelimizi seçən ailələrin məmnunluğunu təmin edir. Bundan başqa bizim xeyli sayda loyal qonaqlarımız var ki, onlar il ərzində bir neçə dəfə və müxtəlif mövsümlərdə hotelimizi ziyarət edirlər. Fərdi müştərilər ilə yanaşı biz həmçinin bir sıra korporativ müştərilər və turizm agentlikləri ilə də sıx tərəfdaşlıq bağları qurmağa nail olmuşuq. Belə ki, müxtəlif şirkətlərin işçi heyətləri qrup şəklində istirahət üçün hotelimizə səfərlər edir və olduqca məmnun bir şəkildə hotelimizdən ayrılırlar. Qeyd etməliyəm ki, son aylarda xarici qonaqların da gəlişində ciddi artım müşahidə olunur.
- Faiq bəy, sizinlə həmsöhbət olmaq çox xoş oldu, vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
- Mən də sizə təşəkkür edirəm və redaksiyanıza uğurlar arzu edirəm.