“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin sədri Rəna Soltanova yeni layihə həyata keçirir. Tam təmənnasız nəzərdə tutulan layihə çərçivəsində özünü inkişaf etdirmək istəyən, ancaq yetərli imkana sahib olmayan, dəstəyə ehtiyacı olan və sağlamlıq baxımından məhdud qadınlar kosmetologiyanın bütün dərinliklərini öyrənərək yeni peşəyə sahib olmaq imkanları qazanacaqlar.
Elə bu münasibətlə Rəna xanımla həmsöhbət olduq.
“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin sədri Rəna Soltanova ilə müsahibəni təqdim edirik:
- Həyata keçirdiyiniz layihə barəsində məlumat verərdiniz.
- Bizim QHT “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyi adlanır. Layihəmiz iki həftədir ki, başlayıb. Üç ildir fəaliyyətə başlayıb. Biz bu layihəni çoxdan fikirləşirdik. Bu il həyata keçirmək qismət oldu. Layihənin məqsədi qadınların öz ayaqları üzərində dayanmasına dəstək olmaqdır. 10 ildir ki, klinika açmışam. Bu müddətdə bir çox qadına dəstək olmuşam. Amma bu heç vaxt layihə şəklində olmayıb. Yəni, sırf qazi, şəhid ailələri üçün olmayıb. Yanımda öyrətmişəm xanımlara. Qalan qalıb yanımda işləyib, gedən də başqa yerdə işini davam etdirib. Qərara gəldik ki, tam təmənnasız xanımlara praktik dərslər keçirək. 13 qadından ibarət olan qrupumuzun içərisində 2 nəfər həkim var. Digərlərinin peşəsi həkim deyil, kosmetologiyanın digər növlərini öyrənəcklər.
- Bu proqram ödənişsizdirmi?
- Bəli, tamamilə ödənişsizdir.
- Bu şəxslər daha sonra işlə təmin olunacaqlarmı?
- Özüm şəxsən kömək edəcəyəm və müəyyən tanışlarım da bu işdə dəstək göstərəcək. Ümumiyyətlə, savadlı kadrlara həmişə ehtiyac var. Mən yardım etməsəm də onlar iş tapacaqlar. Amma əvvəldən özümə söz vermişəm ki, xanımlarımıza iş tapmalarında yardımçı olacağam.

- Bu layihə nə qədər davam edəcək?
- Layihə 2,5 ay davam edəcək, bu müddət ərzində qadınlarımız kosmetologiyanın həm də praktikada öyrənəcəklər.
- Dərslər hansı saat aralığında keçirilir?
- Dərslərimiz həftədə 2 dəfə bu klinikada saat 11-dən - 17:00-a qədər, keçirilir. Xanımlar kosmetologiyanın nəzəriyyə və praktikasını öyrənirlər.
- Xanımlar praktikadan razıdırlar?
- Əlbəttə, çox razı qalırlar. Yüz dəfə təşəkkür edirlər bizə. Nə sual verirlərsə cavablandırırıq. Həmçinin nə ehtiyacları olsa da əlimizdən gəldiyi qədər kömək oluruq.
- Maraqlıdır, bu ideya haradan ağlınıza gəldi?
- Hər zaman ehtiyacı olan insanları yanımda görmək istəmişəm. Hər kəs dövlətə xidmət etməlidir. Bu layihə də vətənə xidmətdir. Bacardığım qədər xanımlara kömək etməyə çalışıram. Güclü qadınları görmək məni xoşbəxt edib. Mənə görə, qadınlar nə qədər güclü olarsa, dövlət də bir o qədər güclü olar.
- Bu layihədən sonra planlarınız nədir?
- Davamlı olaraq bu layihəni həyata keçirmək bir az çətin olar. Təqribi 10 müəllim dərs keçir. Zaman, otaq ayrılır. Dərslər keçirilir. Dərsdə istifadə edilən kosmetik ləvazimatlar bizim klinika tərəfindən qarşılanır. Ona görə də fasiləsi etmək çətin olar. Məsələn ildə bir ya iki dəfə etmək olar
- Allah yolunuzu açıq etsin.
- Çox sağ olun.