"Azərbaycanda kibertəhlükəsizlik sahəsində yalnız mütəxəssislərin deyil, rəhbər şəxslərin də maarifləndirilməsinə xüsusi önəm verilir".
Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyəhyayev Bakıda keçirilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 7-ci məzun günündə deyib.
O bildirib ki, bu məqsədlə müxtəlif dövlət qurumlarının və fintex sektorunda fəaliyyət göstərən şirkətlərin rəhbər heyəti üçün xüsusi kibermaarifləndirmə proqramları təşkil edilir.
Departament müdiri "CyberPark" istiqaməti çərçivəsində yerli kibertəhlükəsizlik məhsullarının hazırlanmasına dəstək göstərildiyini diqqətə çatdırıb:
"Hazırda hazırlanan məhsullardan üçü artıq əmək bazarında tətbiq olunur. Digər məhsullar isə müxtəlif dövlət və özəl qurumlarda pilot sınaq mərhələsindədir. İlin sonunadək onların da real istifadəyə veriləcəyini və praktik nəticələr göstərəcəyini gözləyirik".
Ş.Hacıyəhyayev əlavə edib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin hazırladığı məhsullar beynəlxalq səviyyədə də uğur qazanır:
"Məhsullarımız ölkə daxilində olduğu kimi, beynəlxalq müsabiqə və tədbirlərdə də təqdim olunur, müxtəlif uğurlara imza atır".
O, AKM-in beynəlxalq kibertəhlükəsizlik icmalarının Azərbaycanda formalaşdırılması istiqamətində də fəaliyyət göstərdiyini vurğulayıb:
"Snyk", "AI Security" və "OffSec" kimi beynəlxalq qurumların Azərbaycandakı peşəkar icmaları yaradılıb. Son tədbirlərdən biri "Snyk" ilə keçirilib və nəticədə bir neçə yerli mütəxəssis beynəlxalq sertifikat imtahanları üçün ödənişsiz vauçerlər əldə edib".
Departament müdiri "BrainCenter" layihəsi çərçivəsində ali və peşə təhsili müəssisələri ilə əməkdaşlığın genişləndirildiyini də qeyd edib:
"Yeddi müxtəlif universitetdə laboratoriyaların inkişafı, müəllim hazırlığı, sillabusların yenilənməsi və kiberklubların fəaliyyətinə dəstək istiqamətində işlər görülür. Hazırda 20 qrup üzrə tədris davam etdirilir, eyni zamanda bu müddət ərzində 20-dən çox vorkşop təşkil olunub".