Baku.ws “Azeri Express” şirkətinin icraçı direktoru Şaiq Qəribzadə ilə müsahibəni təqdim edir:
- Şaiq bəy filial açmaq üçün niyə məhz “OBA” marketlərini seçdiniz?
- “OBA” marketləri ölkəmizin demək olar ki, hər bir nöqtəsində olan və vətəndaşlar tərəfindən kifayət qədər sevilən bir şəbəkədir. Düşündük ki, onların hər bir şöbəsində bizim də filialımız olsa, həm onlar öz müştərilərinə yeni xidmət təklif edə biləcəklər, həm də biz ölkəmizin poçt sahəsində insanlara rahat və sürətli xidmət göstərəcəyik. Onlara belə bir təklif ilə getdik, çox sağ olsunlar ki, onlar da təklifimizə istiqanlılıq ilə yanaşdılar və bu təklifi əl-ələ verərək əsaslı bir layihəyə çevirdik.

- “OBA” marketləri ilə əməkdaşlıq ölkəmizin poçt xidmətinə hansı formada təsir göstərəcək?
- Düşünürəm ki, biz bu addımla yeni bir dövr açırıq. Xarici təcrübələrdə xüsusilə ABŞ-də siz marketlərdə poçt stendinə rast gələ bilərsiniz. Lakin ölkəmizdə bunu indiyə qədər lisenziyalı və rəsmi şəkildə ilk dəfə biz edirik. Bu, yeni dövr ilə yanaşı, həm də böyük riskdir. Çünki bizdən öncə bunu edən olmayıb ki, biz onlara baxaq, səhvlərini analiz edək və risklərimizi minimuma endirək. Bütün bunlarla belə düşünürəm ki, biz mükəmməl poçt xidmətini yaratmaq istəyiriksə, bu riski almağa dəyər çünki risklər olmasa, uğurlu layihələr olmaz. Bu qədər risklər aldığımıza görə bu layihənin gələcəyini çox parlaq və uğurlu görürəm.

- Ölkəmizin poçt sahəsində “Azeri Express”dən başqa yeniliklər gözləyəkmi?
- Əlbəttə. Biz komanda olaraq hər gün, hətta deyərdim ki, hər dəqiqə yeni nələrsə axtarırıq. Xarici təcrübələri araşdırırıq. Məhz elə bunun nəticəsidir ki, biz bugünkü gün “OBA” marketlər şəbəkəsi ilə belə bir əməkdaşlığa başlamışıq. Bununla yanaşı, yeni layihələrimiz də gözlənilir, amma onları indi açıqlamağım bir az doğru olmaz. Yaxşısı odur ki, müştərilərimiz üçün də bir az həyəcanlı qalsın və yaxında bizdən yeni sürprizlər gözləsinlər.
- Son olaraq sizcə bu məntəqələrin müştəriləri kimlər olacaq?
- Biz düşünürük ki, sıravi vətəndaşlardan əlavə olaraq sosial mediada onlayn mağaza işlədənlər, karqo şirkətləri və alış-veriş platformalarına da bu məntəqələr çox maraqlı olacaq. Nəzərdə tutduğumuz əsas prinsiplərdən biri də onlayn satış edən şəxslərin, karqoların və bu tipli çatdırılmaya ehtiyacı olan kiçik şirkətlərin bizim filiallarımız vasitəsilə öz müştərilərinə həm sürətli, həm də sərfəli çatdırılma edə bilməsidir.