Azərbaycana fərqli ölkələrdən, xüsusilə Çindən və Dubaydan çoxsaylı yeni “Toyota” avtomobilləri gətirilib və həmin avtomobillər qeyri-rəsmi şəbəkələrdə satışa çıxarılır. Azərbaycana fərqli ölkələrdən gətirilib qeyri-rəsmi şəbəkələrdə satılan avtomobillərlə rəsmi diler mərkəzlərində satılan avtomobillər arasında nə kimi fərqlər mövcuddur?
Fərqli regionlara aid olan yeni “Toyota” avtomobillərinin ölkəyə gətirilməsində yaşanan artım dinamikası müşahidə olunur. Ölkəyə Çindən, Dubaydan və bir sıra fərqli ölkələrdən idxal olunan avtomobillər də “Toyota”nın bütün keyfiyyət standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Ancaq vacib məqam odur ki, bu avtomobillər həmin region üçün nəzərdə tutulub və avtomobillərin komponentləri həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunub.
Azərbaycanda rəsmi “Toyota” diler mərkəzləri tərəfindən təqdim olunan avtomobillər isə “Toyota” tərəfindən Avropa regionu üçün nəzərdə tutulmuş və xüsusilə də Azərbaycanın iqlim şəraiti, yanacaq keyfiyyəti, yol infrastrukturu nəzərə alınaraq istehsal olunan avtomobillərdir. “Toyota” ölkənin bütün bu xüsusiyyətlərini nəzərə alaraq avtomobildə hansı mühərrikdən, hansı asqı sistemindən və bir sıra digər komponentlərdən istifadəyə qərar verir.
Odur ki, yeni avtomobil alarkən mütləq bu vacib məqama diqqət yetirmək lazımdır.
Digər bir məsələ isə zəmanətlə bağlıdır.
Qeyri-rəsmi şəbəkələrdən əldə olunan yeni avtomobillərin sahibləri, təəssüf ki, zəmanət müddəti və şərtləri ilə bağlı kifayət qədər məlumatsızdırlar.
Yeni “Toyota” avtomobilinə Azərbaycanda zəmanət yalnız rəsmi diler mərkəzlərindən əldə olunan və ya “Toyota” Avropanın əhatə etdiyi ölkələrdən əldə olunan avtomobillər üçün şamil olunur. Çindən, ərəb ölkələrindən, eləcə də “Toyota Avropa”nın əhatə dairəsində olmayan ölkələrdən əldə olunan avtomobillərə Azərbaycanda “Toyota” şirkəti zəmanət təqdim edə bilmir. Çünki bu avtomobillər “Toyota” tərəfindən başqa region üçün nəzərdə tutulmuşdur və başqa xüsusiyyətlərə və komplektasiyalara malikdir. Bu şəbəkələr tərəfindən satılmış avtomobillərdə zəmanətlə bağlı gələcəkdə yaşanıla biləcək hər hansısa bir hadisəyə “Toyota” rəsmi dilerləri zəmanət çərçivəsində cavabdeh ola bilməzlər.
Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni “Toyota” avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160 000 km-ə qədər təqdim olunur. Xüsusilə Çin bazarı üçün nəzərdə tutulan və Azərbaycana gətirilən “Toyota” avtomobillərində ciddi fərqlər mövcuddur. Ən vacib hal bu avtomobillər üçün bəzən ehtiyat hissələrinin mövcud olmaması və ya ehtiyat hissələrinin kodunun sifariş üçün tamamilə ayrı olmasıdır. Bundan əlavə, Çindən gətirilən avtomobillərin diaqnostika zamanı sistemlərin həmin avtomobili tanımaması kimi çətinliklər də yaranır.
Bütün bu qeyd olunan məqamlar gələcəkdə yeni avtomobil əldə edərkən yarana biləcək çətinliklərdən yayınmaq üçün mütləq nəzərə alınmalıdır və rəsmi mərkəzlərdə təklif olunan avtomobillərə daha çox üstünlük verilməlidir.
Qeyd edək ki, “Toyota”nın Azərbaycanda rəsmi diler mərkəzləri “Toyota” Bakı Mərkəzi, “Toyota” Abşeron Mərkəzi və “Toyota” Gəncə Mərkəzidir.