Ölkənin aparıcı təchizatçılarından olan “Universal Group” həssas qrupların cəmiyyətə qazandırılması üçün addımlar atır.
“Universal Group” əməkdaşları övladları ilə birlikdə “Birgə və Sağlam” İctimai Birliyinə baş çəkiblər. “Birgə və Sağlam” İctimai Birliyinin məqsədi autizmspektr pozğunluqları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üzrə ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə Autizm sahəsində maarifləndirici layihələr həyata keçirməkdir.
“Universal Group” tərəfindən mərkəzin nəzdində yerləşən “Kaşalata” kafedə uşaqlar üçün yemək və kokteyl hazırlamaq üzrə ustad dərsləri təşkil olunub. Uşaqlar birlikdə əyləncəli vaxt keçirib, hazırladıqları yemək və içkilərdən dadıblar. Mərkəzin “Mavi ürəklər” xor qrupunun ifasında səslənən musiqilər isə tədbirə xüsusi rəng qatıb.
Həmçinin “Universal Group”un təşəbbüsü ilə kafenin sıradan çıxmış bişirmə paneli yenisi ilə əvəz olunub.
Qeyd edək ki, “Universal Group” 1998-ci ildən Azərbaycan bazarında fəaliyyət göstərir. “Universal Pro”, “Leading Supply Solutions” (LSS), “Azlift Pro” kimi şirkətləri özündə cəmləyən şirkətlər qrupu bir çox inşaat, neft-qaz və sənaye layihələrinin ərsəyə gəlməsində mühüm təchizatçı rolu oynayıb.