2004-cü ilin 27 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının 246 nömrəli lisenziyası əsasında fəaliyyətə başlayan “Xalq Bank”ın 18 yaşı tamam olur.
Bu illər ərzində “Xalq Bank” müştərilərin etibarlı tərəfdaşına çevrilib və ölkənin aparıcı bankları sırasında öz yerini tutub.
18 illik dövrdə Bank öz fəaliyyətində ölkəni əhatə edən geniş filial şəbəkəsi ilə yüz minlərlə müştəriyə peşəkar, müasir və rahat bankçılıq xidmətlərinin göstərilməsini, eləcə də müştəri məmnuniyyətinin təmin edilməsini əsas tutub. Fəaliyyət göstərdiyi 18 il ərzində “Xalq Bank” cəmiyyətin inkişafına öz töhfəsini verərək mədəni-sosial layihələrdə də aktiv iştirak edib.
Belə ki, Bank 2010-cu ildən etibarən təqdim etdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində 22 kitab nəşr etdirməklə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə çatdırılması və mədəniyyətimizin dünyada tanıdılması istiqamətində əhəmiyyətli işlər görüb.
“Xalq Bank” ASC müştəri və tərəfdaşlarına inam və etimadına görə dərin minnətdarlığını bildirir, növbəti ildə onlarla birlikdə yeni uğurlara imza atmaq ümidi ilə qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ilini təbrik edir!