“Gaming League Azerbaijan” və Azərbaycan Kiber İdman Federasiyası iyulun 7-də kiberidman üzrə üç turnirə başlayır. Gənclər və idman eləcə də müdafiə sənayesi nazirliklərinin dəstəyi ilə baş tutacaq yarışın əsas məqsədi Bakı ətrafında yerləşən kənd və qəsəbələrdə kiberidmanın təbliğatına dəstək olmaqdı.
Valorant Baku Esports Cup 07.07.2022 - 22.07.2022, eFootball Baku Open Esports Cup 28.07.2022 - 29.07.2022 və PUBG Mobile Baku Esports Cup 09.08.2022 - 17.08.2022 tarixlərində təşkil olunacaq.
Bizon Arenada keçiriləcək festivalda 32 komanda təmsil olunacaq və hər biri şərti olaraq Bakının kənd və qəsəbələrinin adını daşıyacaq. Qala, Qaradağ, Ramana, Sabunçu, Sahil, Şağan, Türkan, Sulutəpə və digər qəsəbə və kəndlərin adını daşıyacaq komandalar ilk üçlük uğrunda mübarizə aparacaqlar. Əsas məqsəd Bakı ətrafı məkanlarda da kiberidmanla məşğul olan gənclərə dəstək olmaq, onların bu oyunda təcrübəsini artırmağa kömək etməkdi.
Azərbaycan Kiber İdman Federasiyasından verilən məlumata görə, Baku Esports CUP çərçivəsində keçirilən eFootball kiberidman növü üzrə yarışa bu il sentyabrın 6-10-da finalı keçiriləcək kiberidman üzrə Avropa çempionatının kvalifikasiya turniri statusu veriləcək.
Çempionatın finalı isə Podqoritsada (Monteneqro) keçiriləcək, turnirin yekunlarına görə dünya çempionatının iştirakçıları da müəyyənləşəcək, final 1-12 dekabr tarixlərində Balidə (İndoneziya) keçiriləcək.
“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov “Baku Esports Cup” barədə bunları deyib: “Kiberidmana olan maraq çoxdan Bakı şəhərinin sərhədini keçib. Buna görə biz məhz Bakı kəndlərini və qəsəbələrində yaşayan gənclərin kiberidmanla bağlı maariflənməsinə kömək etmək istəyirik. Turnirdə iştirak edəcək komandalar kənd və qəsəbələrin adını daşıyacaq və bu həm də kiberidmanın əhatəsini artıracaq. Fikrimcə kiberidmanla məşğul olanların sayı bu turnirdən sonra daha da artacaq”.
Qeyd edək ki, ilk üç yeri tutacaq komandalara pul mükafatı və hədiyyələr təqdim olunacaq.
