Almaniyanın Bavariya federal əyalətində Müqəddəs Pyotr kilsəsində katolik xorun 500-dən çox oğlan uşağı fiziki və seksual təcavüzə məruz qalıb.
Oxu.Az-ın “Deutsche Welle” nəşrinə istinadən xəbərinə görə, bu barədə vəkil Ulrix Veber məlumat yayıb.
Uşaqlara qarşı cinayətlərdə ümumilikdə 49 nəfər şübhəli bilinir, onlardan doqquzu seksual təcavüzdə ittiham olunur. Zorakılıq hadisələrinin əsas hissəsi 1960-1970-ci illərə təsadüf edir, lakin ayrı-ayrı cinayətlər 1992-ci ilə qədər davam edib.
“Regensburger Domspatzen” xorunda iştirak edən şəxslər sonradan buranı “həbsxana, cəhənnəm və hərbi düşərgə” ilə müqayisə ediblər. Ən çox zorakılıq hadisələri xor məktəbinə hazırlıq dövründə baş verirdi.
KİV-də bu barədə məlumatlar ilk dəfə 2010-cu ildə dərc edilib.
“Regensburger Domspatzen” dünyanın ən qədim kilsə xorlarından biridir. Xorun məktəbi 975-ci ildə təsis edilib.
1964-1994-cü illərdə kilsənin kapelmeysteri vəzifəsində Roma Papası XVI Benediktin doğma qardaşı Qeorq Ratzinqer olub. 2010-cu ildə o bəyan edib ki, uşaq xorunda baş verənlərdən xəbərsizdir.
S.B.
www.oxu.az