ABŞ Dövlət Departamenti “Belorusneft” şirkətinə qarşı 2011-ci ilin mart ayının 29-da tətbiq edilmiş sanksiyaların ləğv edilməsi barədə qərar qəbul edib.
Dövlət Departamentində qərarı, şirkətin sanksiyaların tətbiq ediləcək fəaliyyətlə daha məşğul olmadığı və bir daha məşğul olmayacağına zəmanət verməsi ilə açıqlayıblar.
Bu barədə, ABŞ hakimiyyətinin hüquqi informasiya portalında dərc edilmiş, ABŞ dövlət katibinin iqtisadiyyat və biznes üzrə köməkçisi Kurt Tonqun imzası ilə təsdiqlənmiş Dövlət Departamentinin 4 mart tarixli qərarında deyilir.
Oxu.Az bu barədə telegraf.by-a istinadən xəbər verir.
“İSA 9 (b) (1) bəndlərinə müvafiq olaraq, Dövlət Departamenti “Belorusneft”ə qoyulan sanksiyaları ləğv etmək qərarına gəlib. Belə ki, şirkət artıq İSA 5 (a) bəndində qeyd edilən sanksiyaların tətbiq edilməsi mümkün fəaliyyəti göstərmir, eləcə də gələcəkdə də bu fəaliyyəti göstərməyəcəyinə dair zəmanət verilib. Beləliklə, “Belorusneft”ə qarşı sanksiyalar artıq keçərli deyil”, rəsmi sənəddə deyilib.
2011-ci ildə ABŞ hakimiyyəti “Belorusneft” İB-ni İrana qarşı qoyulan sanksiyaları pozan şirkətlər siyahısına daxil etmişdi.