ABŞ Administrasiyası avqustun 24-dən başlayaraq İrana qarşı genişmiqyaslı "maliyyə hücumu" reallaşdırmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent özünün "X" sosial şəbəkə hesabında yazıb.
Nazir vurğulayıb ki, Amerika Birləşmiş Ştatları İrana qarşı təzyiqlərin yekun fazasına keçir. O, bu mərhələni "D Günü" kimi xarakterizə edərək, səhər saatlarından etibarən rəqibə qarşı tarixdəki ən böyük maliyyə əməliyyatına start verildiyini bildirib.
Bessentin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bütün müvafiq dövlət strukturlarının, qurumların və resursların hərəkətə gətirilməsi üçün tam şərait yaradıb.
Qeyd edək ki, bir müddət öncə Donald Tramp İrana qarşı görünməmiş miqyasda "iqtisadi müharibə və təcrid" strategiyasının başlandığını bəyan edib. ABŞ lideri həmçinin Tehranı dəstəkləyən ölkələrin maliyyə təşkilatları, müəssisə, hava limanları və ya dövlət qurumlarının rəsmi Vaşinqton tərəfindən tətbiq ediləcək çox ciddi iqtisadi fəsadlarla üzləşəcəyi barədə xəbərdarlıq edib.
Məsələyə münasibət bildirən İslam Respublikasının Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların İrana qarşı yürütdüyü sanksiya siyasətini bəşəriyyətə qarşı cinayət və "iqtisadi terrorizm" adlandırıb. İran XİN-in bəyanatında vurğulanıb ki, bu məhdudiyyət proqramlarını hazırlayan və həyata keçirən ABŞ hökuməti rəsmiləri mütləq şəkildə qanuni cəzalarını çəkməlidirlər.