ABŞ dövlət katibinin sözcüsü Cen Psaki Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Gülən” camaatının lideri Fətullah Gülənin deportasiya edilməsi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Cen Psaki jurnalistlərin Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı suallarını cavablandırıb.
Jurnalistlər ondan rəsmi Ankaranın F.Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı ABŞ-a rəsmi müraciətin edilib-edilmədiyini soruşub. Cen Psaki bildirib ki, bu barədə heç bir söz deyə bilməz:
“Belə mövzularda gözləmə mövqeyində olmağı üstün tuturuq. Rəsmi müraciətin edilib-edilmədiyi haqda heç bir söz deyə bilmərəm. Təəssüf ki, bu mövzularda deyə biləcək az söz var” - ABŞ dövlət katibinin sözcüsü deyib.
Jurnalistlər Cen Psakidən F.Gülənin ABŞ vətəndaşı olub-olmadığını soruşub. ABŞ rəsmisi bu haqda da heç bir söz deyə bilməyəcəyini deyib:
“İnanmıram ki, o, ABŞ vətəndaşıdır”.
Qeyd edək ki, Ankara Prokurorluğunda Fətullah Gülən barəsində “Terrorla Mübarizə” Qanununun 10-cu maddəsi ilə əlaqədar olaraq istintaq işi başlanıb.