ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) sosial şəbəkələrdə Twitter və Facebook-da profil açaraq öz fəaliyyətini genişləndirir.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə idarənin dərc edilmiş press-relizində deyilib.
“Bu platformalarda MKİ öz mövqeyini genişləndirərək publika ilə daha geniş şəkildə əlaqədə olmaq imkanı əldə edəcək, eləcə də idarəçilik missiyası, tarixi və müxtəlif hadisələri haqqında informasiya təqdim edə biləcək”, - press-relizdə Amerika kəşfiyyatının direktoru Con Brennanın sözləri sitat gətirilir. O, həmçinin vurğulayıb ki, MKİ xidmət etdiyi Amerika əhalisi üçün qeyri-məxfi informasiyanın əlçatan olmasına çalışır.
Son xəbərlərin, bəyanatların, eləcə də iş haqqında elanların dərcindən sonra sosial şəbəkə səhifələrində ABŞ MKİ muzeyi haqqında informasiya yerləşdiriləcək.
“Biz bunun ilk tvit olduğunu təsdiq və ya təkzib edə bilmərik”, deyərək hamının alışdığı müraciətlə Amerika kəşfiyyatçıları insanları salamlayıblar.
“Təsdiq və ya təkzib edə bilmərik” ifadəsi ilk dəfə rəsmi məlumatlarda 1975-ci ildə Glomar Explorer gəmisi ilə bağlı qalmaqaldan sonra verildi. O zaman senzorlar Los-Anceles “Times” qəzetinin K-129 sovet sualtı gəmisinin Sakit okeanın dibindən qaldırılması barədə materialını gizlətməyə çalışdılar. Jurnalistlər MKİ-yə verdikləri sorğuya qısa və lakonik cavab aldılar.
Mikrobloq istifadəçiləri MKİ-nin Тwitter-də peyda olmasına istehza ilə yanaşıblar. 22 min istifadəçinin rəyləri arasında “MKİ burdadı – vidalaşmaq vaxtıdır” yer alıb .
Amerika Kəşfiyyat İdarəsinin internetdə veb-saytı, şəkillərin saxlanılması üçün sosial şəbəkələrdə səhifələri və YouTube saytında videokanalı var.