"Budapeştdə nəzərdə tutulan Rusiya-Amerika sammitində Avropa İttifaqı ölkələrinin hər hansı şəkildə iştirakı məsələsini indiki məqamda müzakirə etmək hələ tezdir".
Oxu.Az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov TASS-a açıqlamasında bəyan edib.
Bununla o, "Politico" nəşrinin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə qoşulmaq istəyən bəzi Aİ dövlətləri haqqında məqaləsinə Kremlin reaksiyasını səsləndirib.
"Bu barədə danışmaq, yəqin ki, tezdir. Hələ ki, bu detalların heç biri razılaşdırılmayıb", - deyə Peskov bildirib.
Avropa İttifaqı (Aİ) ölkələrinin bəzi liderləri ABŞ Prezidenti Donald Tramp və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Budapeştdə planlaşdırılan görüşə qatılmaq üçün səy göstərirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşr yazır ki, Avropa liderləri bu görüşdə, eləcə də sonrakı bütün mümkün danışıqlarda Vladimir Zelenskinin də iştirakına nail olmağa çalışırlar.
Bundan əlavə, qəzetin adı açıqlanmayan mənbəsi vurğulayıb ki, Aİ ölkələri Ağ Ev başçısının əvvəllər tələb etdiyi kimi, Ukraynanın Rusiyaya ərazi güzəştlərinə getməsini istəmirlər. Onların fikrincə, belə bir addım atılarsa, Estoniya, Latviya və Litva panikaya düşəcək və nəticədə Avropada yenidən kütləvi silahlanma başlayacaq.
Xatırladaq ki, oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Onun yekunlarına əsasən, liderlər ikinci dəfə Budapeştdə görüşmək barədə razılığa gəliblər.
Oktyabrın 17-də Tramp Ağ Evdə Zelenski ilə görüşüb və Ukraynaya silah tədarükü, Rusiya və ABŞ prezidentlərinin Budapeştdə nəzərdə tutulan görüşü məsələlərini müzakirə edib.
Daha sonra Zelenski etiraf edib ki, Vaşinqton görüşündə Tramp komandasının nümayəndələri ondan Donbasdan çıxmağı tələb ediblər. Üstəlik, Tramp "Tomahawk" qanadlı raketlərini Ukraynaya verməkdən imtina edib.