Avropa Parlamenti Avropa İttifaqı (Aİ) ölkələrində mobil telefon zənglərində rouminq xidmətindən istifadə üçün ödənişi ləğv edib.
Oxu.Az Pravda.com.ua saytına istinadla xəbər verir ki, bu qərar 2015-ci il dekabrın sonunadək İttifaqa daxil olan 28 ölkənin hamısında qüvvəyə minəcək.
“Bu, gözəl gündür. Mən bundan artıq razı qala bilməzdim. Aİ-yə üzv olan 28 ölkə ilə vahidik. Avropa Parlamentində səsvermə hamı üçün uğurludur. Heç kim bizim cəmi yarım ilə bu qərara gələ biləcəyimizə inanmırdı.
Əslində, Aİ məhz bunun üçün mövcuddur - həyatı daha asan və ucuz etmək üçün. Vətəndaşlar, biznes və hökumət bundan uğur əldə edir”, - Avropa Komissiyasının Rəqəmsal texnologiyalar üzrə vitse-prezidenti Nile Kroes bildirib.
Onun sözlərinə əsasən, Aİ-yə üzv ölkə hökumətləri Avropa Komissiyasının bu tərkibinin iş müddətinin sonuna, yəni 2015-ci ilin dekabrınadək sözügedən qərarı təsdiq etməlidirlər. N.Kroes daha bir yenilikdən xəbər verib. Belə ki, Aİ ölkələrində olarkən rouminqdən başqa mobil telefon vasitəsilə internetdən istifadəyə görə əlavə ödəniş də ləğv olunur.