Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın Fars körfəzi ölkələri ilə əməkdaşlıq sazişləri bağlamasından sonra Aİ ilə Ukrayna arasında da Avropa ərazisində pilotsuz uçuş aparatlarının birgə istehsalına dair saziş imzalandığını açıqlayıb.
Oxu.Az themoscowtimes.com-a istinadən xəbər verir ki, Avropa Komissiyasının sədri bunu müharibə dövründə Ukraynaya etdiyi 11-ci səfəri çərçivəsində Kiyevdə bildirib.
"Avropa İttifaqı ilə Ukrayna arasında yeni müdafiə-sənaye tərəfdaşlığını başlatmaqdan məmnunam. Bu gün imzaladığımız sənəd bizim pilotsuz uçuş aparatları üzrə öz sazişimizdir", - deyə fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Ukraynanın PUA-ların hazırlanması və yeni texnologiyaların sürətlə tətbiqi sahəsində bilik və təcrübəsi "həqiqətən unikaldır" və bunlar Avropanın "nəhəng texnoloji və sənaye potensialı" ilə birləşdirilməlidir. Odessa liman infrastrukturuna Rusiya Silahlı Qüvvələrinin zərbələri fonunda baş tutan səfər zamanı fon der Lyayen sazişin detalları və maliyyə parametrləri barədə məlumat verməyib.
Polşanın "TVP World" telekanalının məlumatına görə, saziş Aİ-nin Şərqi Avropada PUA istehsalı üzrə birgə müəssisələrin yaradılmasına 10 milyard avro yatırım etməsini nəzərdə tutur. Vəsaitin Avropanın SAFE müdafiə kreditləri proqramından qalan vəsait hesabına ayrılması planlaşdırılır. Saziş layihəsinə əsasən, PUA-ların və dronlara qarşı mübarizə sistemlərinin birgə istehsalının bu ilin sonunadək "mümkün olan ən qısa müddətdə" yaradılması planlaşdırılır.
Razılaşmanın məqsədi Ukraynanın qısa və ortamənzilli pilotsuz uçuş aparatlarının hücumlarından müdafiə imkanlarını artırmaq, həmçinin bu tip texnikanın ehtiyatlarını genişləndirməkdir. Layihə, həmçinin müharibə başlayandan bəri ilk dəfə olaraq dron ehtiyatlarının Ukrayna ərazisindən kənarda, yəni Rusiya zərbələrinin çatmadığı ərazilərdə yerləşdirilməsini nəzərdə tutur. Raketlərin birgə istehsalı ilə bağlı məsələnin həlli isə 2028-ci ilə təxirə salınıb.
Saziş layihəsində qeyd olunur ki, Ukrayna 2027-ci ilədək daxili bazarını Avropa istehsalçıları üçün tam açacaq və onlar ölkədaxili müqavilə və tenderlərdə iştirak edə biləcəklər.