Rusiya Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutunun tədqiqatçıları uzaq kosmosun süni şəkildə yaradılmış şərtlərinə daha çox dözümlü olan heyvanları müəyyənləşdiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Weekend" məlumat yayıb.
Məlum olub ki, ən dözümlü fərdlər güclü, balanslı sinir sisteminə malik olanlardır. Gələcəkdə bu məlumatlardan kosmik gəmi heyətlərinə insanların seçilməsi prosesində istifadə oluna bilər.
Meymunların iştirakı ilə keçirilən sınaqlarda ən uğurlu göstəricilər "sanqvinik"lərə məxsus olub. Onların çəkisizlik və radiasiya imitasiyası şəraitində kompüter testlərini həll etmə qabiliyyətləri demək olar ki, sabit qalıb. "Xolerik" tipli fərdlər daha çox cəhd göstərsələr də, onların müvəffəqiyyət dərəcəsi 30-40%-ə enib. Eyni zamanda, "fleqmatik"lər yavaş-yavaş verilən tapşırıqlardan imtina edib, "melanxolik"lər isə öyrənmə prosesini tam olaraq dayandırıblar.
Siçovullar üzərindəki eksperimentlər də eyni qanunauyğunluğu təsdiqləyib. Tormozlanma prosesləri oyanma reaksiyalarını üstələyən, balanslı və həddindən artıq həyəcanlanmayan sinir sistemli gəmiricilər qazandıqları bacarıqları daha yaxşı qavrayıb və daha uzun müddət xatırlayıblar.
Alimlərin fikrincə, kosmik missiyalara sanqvinik namizədlər cəlb edilməli və xüsusi yoxlanılmış əczaçılıq preparatlarından istifadə olunmalıdır. Kosmik gəmilərdə stresi aşağı salmaq üçün virtual reallıq komplekslərindən faydalanmaq və nanə, yaxud melissa kimi bitkilərdən ibarət "yaşıl guşələr" təşkil etmək məsləhət görülür.