Almaniyadan olan baykerlər, kürd hərbçiləri ilə bərabər “İslam dövləti” qruplaşmasının yaraqlılarına qarşı döyüşlərdə iştirak etmək üçün, döyüşlər gedən Suriyanın Kobani şəhərinə yollanıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, alman internet-nəşri Focus Online yazır ki, bu baykerlər Kölndə yaradılmış Median Empire klubuna daxildirlər.
“Bizimkilər bu gün Kobanidə olublar və atəş altına düşüblər”, - oktyabrın əvvəlindən baykerlərin İD-ə qarşı döyüşlərdə iştirak etdiyini bildirən, motoklubun prezidenti Facebook-da yazıb.
2011-ci ilin sonunda kürdlər tərəfindən yaradılan Median Empire motoklubu adını, kürdlərin öz əcdadları hesab etdikləri qədim midiyalıların şərəfinə alıblar.
Suriya kürdləri Kobanidə İD yaraqlılarının hücumlarını dəf etməyə davam edirlər. KİV-in məlumatına görə onun ərazisinin təxminən yarısı ekstremistlər tərəfindən işğal edilib.