Almaniyanın Daxili İşlər Nazirliyi artan saxtakarlıq hallarının qarşısını almaq məqsədilə miqrantlar üçün alman dili imtahanı (DTZ) üzrə qaydaları sərtləşdirməyi planlaşdırır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bild" qəzeti nazirliyin qərarına istinadən məlumat verib.
Xəbərə görə, daxili işlər naziri Aleksander Dobrindt test prosedurundakı mövcud boşluqları tamamilə aradan qaldırmaq niyyətindədir. Nazirlik izah edib ki, son zamanlar fırıldaqçılıq cəhdlərində kəskin artım qeydə alınıb. İnteqrasiya kurslarının iştirakçıları imtahan tapşırıqlarını və cavabları qeyri-qanuni yolla internet üzərindən əldə ediblər. Aldıqları cavabları 45 test sualından ibarət olan "dinləmə və qiraət" blokuna daxil ediblər.
Almaniya Daxili İşlər Nazirliyi sərt tədbirləri onunla əsaslandırıb ki, yazılı şəkildə təsbit olunan dil biliyi davamlı və müstəqil inteqrasiya üçün əsas faktordur. Müvafiq qərarın noyabrın 1-də qüvvəyə minməsi planlaşdırılır.
DTZ imtahanı gündəlik vəziyyətlərdə alman dili bacarıqlarını yoxlayır və ənənəvi olaraq dörd hissədən ibarətdir: dinləmə, qiraət (oxu), yazılı və danışıq (nitq).