2021-ci ildə Almaniyada elektrik enerjisi, təbii qaz və neftin qiymətlərində kəskin artım müşahidə olunub.
“Report”un məlumatına görə, ekspertlər bunun səbəblərindən birinin koronavirus pandemiyası olduğunu bildirirlər. Çünki 2020-ci ildə qlobal iqtisadiyyatda koronavirus pandemiyası səbəbindən yaranmış böhrandan sonra 2021-ci ildə qlobal iqtisadiyyatda müşahidə olunan müsbət meyillər enerjiyə tələbatın artmasına səbəb olub.
Bir neçə ay ərzində təbii qazın topdansatış qiyməti artıb və bu vaxta qədərki ən yüksək səviyyəyə yüksəlib. Bunun səbəbləri kimi artan tələbata əlavə olaraq, istehlakçı ölkələrdə qaz anbarlarının dolu olmaması, eləcə də bir sıra təbii qaz istehsal edən ölkələrin ixrac həcmini azaltması göstərilir.
Federal İqtisadiyyat və İxracata Nəzarət İdarəsi tərəfindən tərtib edilən statistika əsasında “Verivox” istehlakçı portalının araşdırmasına görə, təbii qazın idxal qiymətləri 2021-ci ilin əvvəlindən bəri kəskin artıb.
“Verivox”un məlumatına görə, 2021-ci ilin dekabrında illik istehlakı 20 min kilovat/saat olan bir ev təsərrüfatının təbii qaz xərci orta hesabla ildə 1 704 avro təşkil edib. İlin əvvəlində bu məbləğ 1 162 avro təşkil edirdi ki, bu da 47 % qiymət artımının olduğunu göstərir.
Qiymətə təsir edən amillərdən biri də 2022-ci ilin 1 yanvar tarixindən etibarən karbon dioksid (CO2) vergisinin artırılmasıdır. Belə ki, həmin vergi bir ton üçün 25 avrodan 30 avroya yüksəlib.
Araşdırmaya görə, Almaniyada mövcud olan 700-ə yaxın əsas qaz təchizatçısından 515-i 2022-ci ilin yanvar və fevral ayları üçün orta hesabla 23,1 % qiymət artımı elan edib. İllik istehlakı 20 min kilovat/saat təşkil edən ev təsərrüfatı üçün bu, illik 339 avro əlavə xərc mənasını daşıyır.
Oxşar meyilləri yanacaq qiymətlərində də müşahidə etmək mümkündür. 2021-ci ilin yanvar ayında Almaniyada 100 litr xam neftin ortaçəkili xalis mədaxil qiyməti 49 avro təşkil edirdisə, dekabrda bu qiymət təxminən 69 avro təşkil edib ki, bu da təxminən 41 % qiymət artımının olduğunu göstərir.
Karbon dioksid vergisinin artırılması ilə əlaqədar olaraq 2022-ci ildə neftin qiymətlərinin daha da artacağı gözlənilir.
2021-ci ilin yanvar-sentyabr ayları arasında elektrik enerjisinin orta istehlak qiyməti 18,4 % artıb. İllik istehlak həcmi 4000 kilovat/saat olan ev təsərrüfatı üçün ilin əvvəlində elektrik enerjisi xərcləri 1 171 avro idisə, dekabrda 1 386 avro təşkil edib. Bu isə fərdi ev təsərrüfatları üçün elektrik enerjisinin qiymətində illik 215 avro artım deməkdir.
“Verivox” elan edib ki, bir təqvim ili ərzində elektrik enerjisi qiymətlərində bu cür artım dinamikası hələ müşahidə olunmamışdı. Tədqiqata əsasən, fərdi istehlakçılar üçün elektrik enerjisinin qiyməti iyul-noyabr ayları arasında ardıcıl beş dəfə yeni rekord həddinə çatıb.
2022-ci ilin yanvar və fevral ayları üçün Almaniyada 800-ə yaxın regional elektrik təchizatçısından 280-i elektrik enerjisinin orta hesabla 7,6 % artdığını elan edib ki, bu da müştərilər üçün ildə təxminən 100 avro əlavə xərcin yaranmasına səbəb olacaq.