“3+3” formatında ilk məsləhətləşmələrin iştirakçıları Moskvada region ölkələrinin ümumi maraqları fonunda Qafqazda əməkdaşlığın inkişafı üçün əməli addımları müzakirə ediblər.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, Türkiyəni xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq etdiyi nümayəndə heyətinin təmsil etdiyi müzakirələrdə iştirak edənlər tərəflərin ümumi maraqlarına əsaslanaraq praktiki məsələlər üzərində səylərin cəmləşdirilməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər.
“Regional əməkdaşlığın çoxşaxəli inkişafı ilə bağlı konstruktiv və hərtərəfli fikir mübadiləsi aparılıb. Məsləhətləşmələrin iştirakçıları regionda sülhün, sabitliyin və etimadın möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar kontekstində ticarət, iqtisadiyyat, nəqliyyat, mədəniyyət və humanitar məsələlərə üstünlük verilməsi barədə razılığa gəliblər”, - deyə XİN-in bəyanatında bildirilir.
Beş ölkədən olan nümayəndələr fəaliyyətlərində çevik format qəbul etməyə razılaşıblar. Gələcəkdə Gürcüstanın “3+3” formatında məsləhətləşmələrdə iştirakına ümid ifadə olunub.
Sonda bildirilib ki, gələcəkdə “3+3” formatında məsləhətləşmə prosedurları xarici işlər nazirlikləri arasında aparılan məsləhətləşmələrlə yekunlaşacaq.