Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ankarada terror aktının törədildiyi yerdə 10 kiloqrama yaxın partlayıcı aşkarlanıb - YENİLƏNİB + FOTO/VİDEO
Türkiyənin paytaxtı Ankara şəhərində terror aktını törədənlərdən biri PKK üzvüdür.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Hücuma cəhd edən 2 terrorçu təhlükəsizlik qüvvələrimizin dərhal reaksiyası nəticəsində zərərsizləşdirilib. Hadisə zamanı yaralanan iki polis qəhrəmanımızın müalicəsi davam edir. İstintaq zamanı terrorçulardan birinin şəxsiyyəti müəyyən edilib. O, separatçı terror qruplaşması PKK-nın üzvü olub. İkinci terrorçunun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir", - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, hücum cəhdinin qarşısı alınan yerdə aparılan müayinələr zamanı 9,7 kq S-4 partlayıcısı, 3 əl qumbarası, bir qumbaraatan, “Qlok” markalı səsboğuculu tapança, həmçinin iki avtomat aşkar edilib.
Vurğulanıb ki, terrorçular Kayseri vilayətinin Dəvəli rayonundakı özəl müəssisədə baytar işləyən Türkiyə vətəndaşı Mikayıl Bozlaqanı öldürüb və daha sonra onun avtomobilini qaçırıblar.
19:48
Terror təşkilatı PKK Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Hadisənin bəzi yeni təfərrüatı məlum olub. Bildirilir ki, terrorçular əraziyə gəldikləri avtomobili qaçırıb, sahibini isə öldürüblər.
12:46
Türkiyə Baş Prokurorluğu Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə prokurorluğun açıqlamasında bildirilib.
Bundan əlavə, Ankaranın cinayət məhkəməsi mediaya yayım qadağası tətbiq etmək qərarına gəlib. Qadağa istintaqa xələl gətirə biləcək və ya ictimai iğtişaşlara səbəb ola biləcək məlumatların mediada dərcinə şamil edilir.
Qeyd edək ki, bu gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.
12:18
Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.
11:31
Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib, yaralı var.
Bu barədə “CNN Türk” məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerinə çoxlu sayda polis və həkim briqadası gəlib.
Partlayışdan əvvəl atışma olduğu barədə də məlumat yayılıb.
Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mediaya açıqlamasında bildirib ki, bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısında iki terrorçu bombalı hücum həyata keçirib.
Onun sözlərinə görə, hadisə zamanı 2 polis xəsarət alıb.
telegram.org
Rəylər