Türkiyədə "Pegasus Airlines" aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin poverbankının tüstülənməsi səbəbindən uçuş-enmə zolağında dayanıb və sərnişinlər təxliyə olunublar.
Oxu.Az xəbər verir ki, bu barədə "Turkiye Today" nəşri məlumat yayıb.
Hadisə Ankaradakı hava limanında baş verib.
Ankara-İzmir marşrutu üzrə müntəzəm reys həyata keçirməli olan hava gəmisi uçuş-enmə zolağına doğru hərəkət edərkən sərnişinlərdən birinin poverbankı tüstülənməyə başlayıb. Bundan sonra ekipaj sərnişinlərin təxliyəsi barədə qərar qəbul edib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.