Avropa Birliyi Andrey Saxarov adına Avropa Parlamentinin “Düşüncə Azadlığı” Mükafatını ölümündən sonra keçən il vəfat edən kürd əsilli iranlı Məhsa Əminiyə verib. Onunla birlikdə mükafat “Qadın, həyat, azadlıq” hərəkatına verilib.
“Saxarov mükafatı” insan hüquqları sahəsində dünyanın ən nüfuzlu mükafatlarından biridir.
“22 yaşlı Cina Məhsa Əmininin vəhşicəsinə öldürülməsi tarixdə dönüş nöqtəsi oldu. Bu üç söz, “Qadın, həyat, azadlıq” İranda şəxsi azadlıq və ləyaqət uğrunda mübarizənin sinoniminə çevrilib”, - deyə Avropa Parlamentinin sədri Roberta Metsola bildirib.
Məhsa Əmini 2022-ci il sentyabrın 16-da İslami geyim qaydalarını pozduğuna görə İranın dini polisi tərəfindən həbs olunduqdan sonra vəfat edib.
İran rəsmiləri hələ də onun döyülmə nəticəsində deyil, əvvəllər məlum olmayan xəstəliyin təsadüfən ağırlaşmasından öldüyünü iddia edirlər.
Mənbə: BBC
Rəylər