"Fransada hökm sürən anomal istilər ölüm hallarının fəlakətli şəkildə artmasına səbəb olub. Parisdə morqlar tam dolub, krematoriyalar isə gələn həftə böyük yüklənməyə hazırlaşır".
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalına müsahibəsində "Family Obsèques" dəfn bürosunun direktoru Fabyen Yüge bildirib.
Eyni zamanda Milli Dəfn Xidmətləri Federasiyasının rəsmi nümayəndəsi Qotye Katon paytaxtdakı dəfn bürolarının nəzdində fəaliyyət göstərən bütün morqların hazırda dolduğunu təsdiqləyib. Paris ətrafındakı vəziyyət də "son dərəcə gərgin" olaraq qiymətləndirilir.
"Franceinfo"nun məlumatına görə, təkcə iyunun 26-da, Parisdə 109 nəfər vəfat edib. Bu, ilin həmin dövrü üçün orta göstəricidən 15 dəfə çoxdur. Eyni zamanda statistikaya xəstəxanalarda baş verən ölümlər daxil edilməyib, yalnız evdə və ya küçədə təcili tibbi yardım xidməti tərəfindən qeydə alınan hallar nəzərə alınıb. Bundan əvvəlki sutkada paytaxtda ürək dayanması ilə bağlı 25 hal qeydə alınıb.
Paytaxt morqlarında yer çatışmazlığı səbəbindən meyitlər ölkənin digər bölgələrinə göndərilir. Paytaxtın Batinyol və Menilmontan rayonlarında yerləşən iki bələdiyyə morqu şənbə səhərindən etibarən tam dolub. Kremasiya tarixləri artıq təxirə salınıb və hazırda iyulun 16-17-nə təyin edilir.
Həftənin ortalarında Fransa meteoroloji xidməti 96 departamentdən 72-də ən yüksək təhlükə səviyyəsini elan edib ki, bu da tarixi rekord hesab olunur. Bəzi ərazilərdə havanın temperaturu 40 dərəcəni keçib, Parisdə isə termometrin göstəricisi 40°C-dən yuxarı qalxıb. Dəfn sahəsinin nümayəndələrinin sözlərinə görə, hazırkı vəziyyət Fransanın koronavirus pandemiyası dövründə yaşadığı böhranı xatırladır. Təkcə Fransanı deyil, Avropanın digər ölkələrini də bürüyən ekstremal istilər infrastruktur və səhiyyə sistemlərini sınağa çəkməyə davam edir.