Almaniyada 2027-ci ilin büdcə layihəsi ölkənin siyasi və iqtisadi gündəminin əsas mövzularından birinə çevrilib. Müzakirələrin kəskin xarakter almasının səbəbi ölkənin eyni vaxtda bir neçə ciddi problemlə üzləşməsidir. Bunlar iqtisadi artımın zəifləməsi, sənaye sektorunda rəqabət qabiliyyətinin azalması, dövlət borcunun maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər, sosial xərclərin artması və müdafiə büdcəsinə əlavə vəsait ayrılması zərurətinin yaranmasıdır.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

140 milyard avroluq hərbi büdcə
2027-ci il üçün hazırlanan federal büdcə layihəsinə əsasən, dövlət xərclərinin həcmi 555.4 milyard avroya çatacaq. Bu da 2026-cı illə müqayisədə təxminən 6 faiz artım deməkdir. Hökumətin maliyyə planında 2030-cu ilədək xərclərin 635.4 milyard avroya yüksəlməsi nəzərdə tutulur. Büdcənin diqqətçəkən məqamlarından biri dövlət investisiyalarının və müdafiə xərclərinin artırılmasıdır. 2027-ci ildə investisiyalar üçün ümumilikdə 117.5 milyard avro ayrılması planlaşdırılır. Müdafiə büdcəsi isə 109.75 milyard avroya çatdırılacaq. Bu, əvvəlki illə müqayisədə 32.7 faiz artım deməkdir. Xüsusi müdafiə fondunun vəsaitləri də nəzərə alındıqda, müdafiə sektoruna ayrılan ümumi maliyyənin təxminən 140 milyard avroya çatacağı gözlənilir.

Vətəndaşların həyatı daha da çətinləşəcək
Bu artım Almaniyanın təhlükəsizlik siyasətində baş verən dəyişikliklərlə əlaqədardır. Rusiya-Ukrayna müharibəsi, Avropada təhlükəsizlik arxitekturasının dəyişməsi və NATO çərçivəsində müdafiə öhdəliklərinin genişlənməsi Berlinin hərbi potensialını gücləndirmək istiqamətində əlavə maliyyə ayırmasını zəruri edir. Yerli mediada büdcə layihəsi "əhalinin ən böyük aldadılması" adlandırılıb. Çünki layihədə investisiya anlayışına subsidiyalar, kreditlər və inkişaf etməkdə olan ölkələrə göstərilən yardımlar da daxil edilib. Ekspertlər xəbərdarlıq edirlər ki, büdcə qəbul olunarsa, gələn il Almaniya vətəndaşlarının həyatı daha da çətinləşəcək.
Sosial xərclər və müdafiə prioritetləri arasında ziddiyyət
2027-ci il büdcəsi ətrafında mübahisələrin əsas istiqamətlərindən biri sosial siyasətlə müdafiə xərcləri arasındakı balansdır.
Almaniyada həmkarlar ittifaqları və sosial təşkilatlar hökumətin maliyyə siyasətinin aztəminatlı əhali qruplarının hesabından qənaət üzərində qurulmasından narahatdırlar. Onların fikrincə, iqtisadi çətinliklərin yükü əsasən aşağı və ortagəlirli vətəndaşların üzərinə qoyulmamalıdır. Bəs Almaniya sosial dövlət modelini və əhalinin rifahını hansı mexanizmlərlə qoruya bilər? Bu sual təkcə siyasi partiyalar arasında deyil, həm də cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirə predmetidir. Çünki müdafiəyə ayrılan vəsaitin artırılması ilə sosial təminat sisteminin maliyyələşdirilməsi arasında yaranan gərginlik büdcənin gələcək prioritetlərini müəyyənləşdirən əsas məsələlərdəndir.

İqtisadi böhran, sənaye sektorundakı problemlər
Almaniyanın büdcə siyasətini çətinləşdirən digər mühüm amil ölkə iqtisadiyyatının üzləşdiyi problemlərdir. Uzun illər Avropanın iqtisadi lokomotivi hesab edilən Almaniya hazırda sənaye istehsalının zəifləməsi, yüksək enerji xərcləri, beynəlxalq rəqabətin güclənməsi və ixrac bazarlarında çətinliklərlə qarşılaşır. Xüsusilə avtomobil sənayesində baş verən proseslər iqtisadi vəziyyətin həssaslığını nümayiş etdirir. Almaniyanın aparıcı avtomobil istehsalçıları və ehtiyat hissələri təchizatçıları xərcləri azaltmaq, istehsal güclərini yenidən təşkil etmək və işçi qüvvəsini ixtisar etmək məcburiyyətində qalırlar. Bu proses yalnız ayrı-ayrı şirkətlərin maliyyə göstəricilərinə deyil, həm də məşğulluğa, vergi daxilolmalarına və ölkənin sənaye potensialına təsir göstərir.
Büdcə layihəsində 2027-ci il üçün real iqtisadi artımın cəmi 0.9 faiz səviyyəsində proqnozlaşdırılması hökumətin qarşılaşdığı çətinliklərin miqyasını göstərir.

İqlim siyasəti də mübahisələrin mərkəzindədir
Büdcə layihəsi ilə bağlı tənqidlər yalnız müdafiə və sosial xərclərlə məhdudlaşmır. İqlim və ekoloji siyasətin maliyyələşdirilməsi ciddi müzakirələr doğurur. Hökumətin İqlim və Transformasiya Fondundan təxminən 3 milyard avronun dövlət büdcəsinə keçirilməsi planı ekoloji təşkilatların və Yaşıllar Partiyasının etirazına səbəb olub. Tənqidçilər hesab edirlər ki, bu addım iqlim layihələri üçün nəzərdə tutulan vəsaitlərin başqa istiqamətlərə yönəldilməsi riskini yarada bilər. Hökumət nümayəndələri isə vəsaitlərin yenə də istilik sistemlərinin modernləşdirilməsi, enerji keçidi və elektromobilliyin inkişafı kimi istiqamətlərə xidmət edəcəyini bildirirlər. Bundan əlavə, beynəlxalq inkişaf və əməkdaşlıq büdcəsinin 9.47 milyard avroya endirilməsi tənqidlərlə nəticələnib. Bu, əvvəlki illə müqayisədə təqribən 6 faiz azalma deməkdir.
Hakim koalisiya üçün siyasi sınaq
Büdcə ətrafında yaranmış fikir ayrılıqları Almaniyanın hakim koalisiyası üçün də ciddi siyasi sınaqdır. Çünki maliyyə siyasətinin əsas istiqamətləri ilə bağlı fərqli yanaşmalar koalisiya daxilində kompromis əldə edilməsini çətinləşdirir. Mühafizəkar qüvvələr dövlət xərclərinə nəzarətin gücləndirilməsini və qənaət tədbirlərinin həyata keçirilməsini ön plana çəkirlər. Sosial demokratlar isə sosial təminatın qorunmasına, iqtisadi bərabərsizliyin dərinləşməsinin qarşısının alınmasına və dövlət investisiyalarının davam etdirilməsinə daha çox diqqət yetirirlər. Nəticədə büdcə müzakirələri siyasi tərəflərin iqtisadiyyatın gələcəyi ilə bağlı fərqli baxışlarının toqquşduğu platformaya çevrilib.